image-reklam-veteninfo
image-2q7a0432backend

Tarix və Etnologiya İnstitutunda 2025-ci il üzrə etnoqrafik ekspedisiyaların yekunlarına dair elmi konfrans keçirilib

image-reklam-veteninfo

AMEA Tarix və Etnologiya İnstitutunda 2025-ci il üzrə etnoqrafik ekspedisiyaların yekunlarına həsr olunmuş elmi konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları institutun cari il üzrə etnoqrafik ekspedisiyalarının yekunlarına dair sərgi ilə tanış olublar.

Konfransı giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq AMEA-nın 80 illik tarixi ərzində ilk dəfə etnoqrafiya və etnologiya üzrə sərginin təşkil edildiyini söyləyib. O, etnoqrafik ekspedisiyaların yekunlarına dair sərgini Akademiyanın şərəfli tarixində yeni səhifə kimi yüksək qiymətləndirib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı Türk dünyası ilə əlaqələrin öz ailəmizin qayğıları qədər əhəmiyyətli olduğunu cəmiyyətin nəzərinə çatdırmışdır”, – deyən akademik İsa Həbibbəyli bu istiqamətdə AMEA-da müxtəlif addımların atıldığını, elmi müəssisələrdə Türk xalqları ilə bağlı şöbələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırıldığını, təkmilləşdirildiyini bildirib. O, həmçinin bugünədək türkologiya şöbəsi olmayan institutlarda həmin müəssisənin profilinə uyğun yeni şöbələrin yaradıldığını diqqətə çatdırıb. Eyni zamanda, Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnologiyası şöbəsinin bazasında daxili imkanlar hesabına Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin yaradıldığını söyləyib.

AMEA rəhbəri XXI əsrin çağırışlarına əsasən etnologiya elminin günü-gündən şaxələndiyini deyib. Qeyd edib ki, AMEA-nın Tarix İnstitutunun Tarix və Etnologiya İnstitutu adlandırılması tamamilə düzgün qərardır və nəticələri ilə özünü doğrultmaqdadır. Akademik İsa Həbibbəyli vurğulayıb ki, tarix elmi etnoqrafik mədəniyyətdən ayrı deyil və etnoqrafiya elminin Tarix İnstitutunda daha çox inkişaf etməsi bu istiqamətdə aparılan islahatların məqsədəuyğun olduğunu təsdiq edir.

AMEA prezidenti Tarix və Etnologiya İnstitutunda etnologiya elmi istiqamətinin tarixlə birlikdə yeni mərhələyə qədəm qoyduğunu söyləyərək, hazırda bu müəssisədə 40-dan çox etnoqrafik alimin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, son dövrlərdə institutda aparılan tədqiqatların miqyası genişlənməkdə və yeni prioritet istiqamətlər formalaşmaqdadır.

O, həmçinin AMEA tarixində ilk dəfə etnologiyaya aid jurnalın təsis olunduğunu bildirib. Jurnalın ilk sayının artıq işıq üzü gördüyünü və yaxın günlərdə nəşrin təqdimatının keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli çıxışıının sonunda Tarix və Etnologiya İnstitutunda 2025-ci il üzrə etnoqrafik ekspedisiyaların yekunlarına dair konfransı və sərgini yüksək dəyərləndirib, alim və mütəxəssislərə fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, sərgidə regionlarda aparılmış etnoqrafik ekspedisiyaları əks etdirən fotolar, onları tamamlayan monoqrafik tədqiqatlar institutunun tərkibində etnologiya elmi isiqamətində uğurlu tədqiqatların aparıldığını, səmərəli nəticələrin əldə olunduğunu bir daha sübut edir.

Sonra Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov çıxış edərək institutda etnoqrafik ekspedisiyaların yüksək səviyyədə təşkili istiqamətində müvafiq tədbirlərin görüldüyünü diqqətə çatdırıb. O, bu ekspedisiyalar zamanı müasir texnoloji avadanlıqlardan istifadənin zəruriliyini qeyd edib, həmçinin gələcəkdə mövsümi etnoqrafik ekspedisiyaların təşkili məsələsinə toxunub.

Dünyanın müxtəlif ölkələrində Etnologiya Muzeyinin ən vacib mədəniyyət qurumlarından biri hesab olunduğunu söyləyən professor Kərim Şükürov institutda xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən kiçik muzeyin yaradılmasının önəmini qeyd edib.

O, Tarix və Etnologiya İnstitutunda “Azərbaycan etnologiyası” jurnalının təsis edildiyini deyərək, jurnalın saytının yaradılması istiqamətində müəyyən işlərin görüldüyünü bildirib. Vurğulayıb ki, etnoqrafik ekspedisiyaların hesabatları əsasında yazılacaq elmi məqalələr sözügedən jurnalda çap olunacaqdır.

Professor Kərim Şükürov birgə əməkdaşlıq şəraitində reallaşacaq layihələr, ümumiləşmiş əsərlərin yazılması, etnoqraflar üçün xüsusi geyim formasının hazırlanması, montaj otağının təşkili kimi məsələlərə toxunub. Direktor araşdırmaların yüksək səviyyədə aparılmasında etnoqraflara göstərilən dəstəyə və yaradılan şəraitə görə AMEA rəhbərinə minnətdarlığını bildirib.

Daha sonra institutun elmi katibi t.ü.f.d., dos. Bəhmən Əliyev “Azərbaycan etnologiya elminin inkişafında etnoqrafik ekspedisiyaların rolu” mövzusunda məruzəsini təqdim edib.

Tədbirdə, həmçinin t.ü.f.d., dos. Şövqü Həsənov “Quba etnoqrafik ekspedisiyasının hesabatı (05-19 iyun 2025)”, t.e.d., dos. Güllü Məmmədli “Quba-Xaçmaz etnoqrafik ekspedisiyasının hesabatı (18 iyun-07 iyul 2025)”, t.e.d., dos. İlhamə Məmmədova “Ordubad etnoqrafik ekspedisiyasının hesabatı (24 iyun-03 iyul 2025)”, prof. Nərgiz Quliyeva “İsmayıllı etnoqrafik ekspedisiyasının hesabatı (25 iyun-04 iyul 2025)”, t.ü.f.d. Təranə Quluzadə “Gəncə etnoqrafik ekspedisiyasının hesabatı (06-15 iyul 2025)”, t.ü.f.d., dos. Tahir Şahbazov “Lerik etnoqrafik ekspedisiyasının hesabatı (17-26 iyul 2025)”, t.ü.f.d. İsmayıl Umudlu “Ağstafa etnoqrafik ekspedisiyasının hesabatı (21-30 iyul 2025)” və dos. Şövqü Həsənov “Ordubad etnoqrafik ekspedisiyasının hesabatı (01-10 iyul 2025)” mövzusunda məruzələrlə çıxış ediblər.

Hesabatlar ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki