Vətəninfo.az xəbər verir ki, dünən axşam saatlarında Moskvaya səfər edən xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran Rusiyanın Yaxın Şərqdəki mövcud gərginliklə bağlı mövqeyini yüksək qiymətləndirir.
“İran və Rusiya hər zaman məsləhətləşmələr aparıblar, biz hər bir məsələ üzərində əlaqə saxlamışıq və çalışmışıq, mövqelərimizi koordinasiya etmişik. İndi regiondakı xüsusi vəziyyətlər bizim mövqelərimizin daha dəqiq, ciddi və yaxın olmasını tələb edir. Hücumu ən qəti şəkildə pisləyən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk”, – deyə Əraqçi öz Teleqram kanalında yayımladığı bəyanatda bildirib. O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə Yaxın Şərqdəki təhdidlərlə bağlı məsələləri, o cümlədən İsrail və ABŞ-ın İrana hücumunu müzakirə etməyi səbirsizliklə gözlədiyini bildirib.
İranlı nazir əlavə edib: “Rusiya ilə ortaq narahatlıqlarımız və düşmənlərimiz var. Bizim ortaq inanclarımız var, ümumi çağırışlara və təhdidlərə qarşı çıxmaq üçün sıx məsləhətləşmələr aparırıq. Bazar ertəsi Rusiya prezidenti ilə görüş zamanı bu cür məsləhətləşmələr keçiriləcək”.
Xatırladaq ki, ABŞ iyunun 22-nə keçən gecə İranın Natanz, Fordo və İsfahandakı 3 nüvə obyektinə zərbələr endirib. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, zərbənin məqsədi ölkənin nüvə imkanlarını məhdudlaşdırmaq olub. O, bəyan edib ki, Tehran “bu müharibəyə son qoymağa” razı olmalıdır, əks halda İran daha ciddi nəticələrlə üzləşəcək.
İran parlamenti bildirib ki, Tehran Fordo nüvə obyektinə hücum gözlədiyini, bu səbəbdən də obyekti boşaldıb və ona heç bir geri dönməz ziyan dəyməyib. Ölkənin Atom Enerjisi Təşkilatı Tehranın zərbələrdən sonra nüvə proqramının inkişafını dayandırmaq niyyətində olmadığını vurğulayıb. ABŞ-ın hücumu beynəlxalq qınağa səbəb olub. BMT-nin baş katibi Antonio Quterreş bunu regionda təhlükəli eskalasiya və beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdid adlandırıb. İyunun 22-də axşam saatlarında BMT Təhlükəsizlik Şurası İranın tələbi ilə iclas keçirdi, lakin Qərb ölkələri ABŞ-ın İrana zərbələrini pisləməyə cəsarət etmədi.