Vətəninfo.az xəbər verir ki, İranın paytaxtı Tehranda su qıtlığı kritik həddə çatıb. Prezident Məsud Pezeşkian xəbərdarlıq edib ki, yaxın zamanda yağış yağmasa, gələn aydan etibarən şəhərdə su məhdudiyyətləri tətbiq ediləcək, vəziyyət yaxşılaşmazsa, Tehranın boşaldılması gündəmə gələ bilər.
“İtimad” qəzetinin məlumatına görə, Prezident Pezeşkian ölkənin qərbində yerləşən Sənəndəc şəhərində çıxış edərək bildirib ki, İran hazırda yağıntı çatışmazlığı və su ehtiyatlarının azalması səbəbindən ciddi təbii böhranla üzləşib.
“Yağış yağmasa, gələn aydan etibarən Tehranda suyu məhdudlaşdırmağa məcbur olacağıq. Əgər vəziyyət dəyişməzsə, su tükənəcək və Tehranı boşaltmaqdan başqa çıxış yolumuz qalmayacaq,” – deyə Pezeşkian vurğulayıb.
Tehran hazırda beş əsas bəndlə su ilə təmin olunur: Əmir Kəbir, Lar, Mamlu, Talikan və Latyan. Lakin bu bəndlərdəki su ehtiyatları son illərin ən aşağı səviyyəsinə enib.
Meteorologiya və Su Təsərrüfatı müəssisələrinin məlumatına əsasən, bu il Tehranda yağıntılar orta göstəricilərlə müqayisədə 40 faiz az olub. Xüsusilə yaz və yay aylarında yağıntıların demək olar ki, tamamilə dayanması nəticəsində həm yerüstü, həm də yeraltı su ehtiyatları kəskin azalıb.
Tehran Əyalət Su İdarəsi bildirib ki, paytaxtı su ilə təmin edən bəndlərdəki su səviyyəsi son yüz ilin ən aşağı göstəricisinə düşüb. Bu səbəbdən şəhərdə yay boyunca ara-sıra su kəsintiləri baş verib.
Prezident Pezeşkian daha əvvəl – iyulun 23-də – bəyan etmişdi ki, indiki sürətlə davam edən quraqlıq şəraitində Tehranın əhalisini su ilə təmin etmək mümkün olmayacaq.
Tehran Su İdarəsinin baş direktoru Behzad Parsa isə noyabrın 3-də verdiyi açıqlamada xəbərdarlıq edib ki, bəndlərdə qalan su ehtiyatı paytaxtı ən çox iki həftə təmin edə bilər.
İran hökuməti hazırda fövqəladə tədbirləri – sudan qənaətli istifadə proqramlarını və alternativ su mənbələrinin axtarışını müzakirə edir. Lakin rəsmi qurumlar etiraf edirlər ki, yağış yağmasa, paytaxtın tam susuz qalması real təhlükəyə çevrilib.


























