image-img-20241210-wa0024-768x403backend

Tənzilə Rüstəmxanlı: “Azərbaycan qadını həm dövlət idarəçiliyində, həm də parlamentdə ləyaqətlə təmsil olunur” – VİDEO

image-reklam_sirab_01

“Bu gün biz Azərbaycan tarixində son dərəcə ciddi rol oynamış bir hadisə haqqında danışırıq. 106 il öncə bir qrup Azərbaycan ziyalısının iradəsi ilə təkcə vətənimiz üçün deyil, həm də bütün Müsəlman Şərqi üçün də yeni bir intibahın əsası qoyuldu. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu”.

Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

Millət vəkili söyləyib ki, XX əsrin əvvəlində Azərbaycan demokratiya və azadlıq hərəkatının mərkəzlərindən birinə çevrilmişdi:

“Rusiya Dumasında azərbaycanlı deputatlar xalqımızın dərdlərini dilə gətirir, müsəlman fraksiyasına başçılıq edirdilər. 1918-ci ildə ilk fürsət düşən kimi, onlar Azərbaycanın müstəqilliyini elan etdilər. Azərbaycan Xalq Cümhuriyyəti ölkənin öz hüdudları daxilində milliyyətindən, dini etiqadından və sosial vəziyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının mülki və siyasi hüquqlarını təmin edən demokratiya və parlamentarizm yolunu seçdi. Azərbaycan Xalq Cümhuriyyətinin 120 millət vəkili sırasında ölkədə yaşayan bütün millətlər təmsil olunurdu”.

Onun sözlərinə görə, həmin dövrlərdə Azərbaycanın ətrafında gedən qanlı savaşlar və Bakı neftini ələ keçirmək üçün onun üzərində oynayan böyük güclərin oyunlarının fonunda belə parlamentli dövlətin qurulması, əslində, bir qəhrəmanlıq idi:

“Parlamentarizm ənənələrinin yaranması dövlətin idarə olunmasında bütün maraqları təbəqələrin iştirakına şərait yaradırdı. Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətində parlamentarizmə belə yüksək dəyər verilməsində Avropanın ilkin parlament institutlarının rolu vardı. Amma dövlət idarəetməsində kollegial iştirak türk tarixinin qədim ənənələrindən biridir.

Qədim türk dövlətçilik tarixində böyük təsir imkanlarına malik olan gənəşmək və yaxud qurultay həmin ənənələrin bizə məlum olan ilkin nümunələridir. Türklər hələ o zamanlarda da dövlətin idarəçilik təcrübəsində demokratik dəyərlərə üstünlük verirdilər. Şərqdə ilk parlamentli respublika kimi tanınan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması önəmli siyasi bir hadisə olmaqla xalqımızın idarəçilik tarixini də zənginləşdirdi”.

Millət vəkili onu da vurğulayıb ki, 1918-ci ilin dekabrın 7-da rəsmi olaraq fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti demokratik idarəetmə prinsiplərini tətbiq etmək üçün geniş yol açdı:

“Qısa fəaliyyət dönəmində bu parlament bir çox mühüm qərarlar qəbul etdi, Azərbaycanın çoxmillətli və müxtəlif fikirlərə açıq bir cəmiyyət kimi formalaşmasına imkan yaratdı. Hətta bəzi Avropa ölkələrindən daha irəli gedərək Şərqdə ilk dəfə qadınlara seçib-seçilmək hüququnu verdi. Bu gün Azərbaycan qadını həm dövlət idarəçiliyində, həm də parlamentdə ləyaqətlə təmsil olunur. Bunun parlaq nümunəsi olaraq ölkəmizin Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın dövlət quruculuğundakı fəaliyyət göz önündədir. Milli Məclisə də o xanımlardan biri başçılıq edir və öz elmi təfəkkürü, diplomatik bacarığı ilə beynəlxalq aləmdə Azərbaycan parlamentinə hörmət qazandırır”.

T. Rüstəmxanlı həmçinin xalqımızın Ümummilli lideri Heydər Əliyevin parlamentin yenidən formalaşmasında göstərdiyi təşəbbüsləri də vurğulayıb:

“İkinci dəfə yenə bir ovuc ziyalı və milli təfəkkürlü insan bir araya gələrək 1991-ci ildə dövlətimizi yenidən bərpa etdi, müstəqillik aktımız qəbul olundu. Azərbaycanın o ağır dövrlərdə parçalanmaq xilas etmək üçün xalqımızın böyük oğlu, böyük dövlət adamı, Ulu öndər Heydər Əliyev Ali Sovetə sədr kimi ilk gündən işə başlayanda qanunun aliliyinə üstünlük verdi, parlamentarizm ənənələrinə yeni nəfəs, yeni qüvvə gətirdi. Qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdirdi, sağlam siyasi mühit, siyasi mədəniyyət formalaşdırmağı bacardı. Məhz onun parlamentə rəhbərlik etdiyi dövrdə siyasi dialoq məsuliyyətli və peşəkar münasibətləri şərtləndirən işlək mexanizmə çevrildi. 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə Azərbaycanımızın ilk Konstitusiyası qəbul edildi və ilk parlament iclası keçirildi. 1993-cü ildən başlayaraq aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyinin qorunması dururdu. Bu gün xalqın iradəsi ilə formalaşmış Azərbaycan Milli Məclisi Prezident İlham Əliyevin ölkədə davamlı inkişafı təmin edən uğurlu islahatlar siyasətinin qanunvericilik bazasıdır. Milli Məclis ölkəmizin siyasi-iqtisadi və ictimai həyatında mühüm rol oynayır və bir sıra beynəlxalq parlament ittifaqlarının tərkibində ölkəmizin maraqlarını qoruyur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image