image-reklam-veteninfo
image-1backend

The Globe and Mail: ABŞ Kanadaya qarşı gizli əməliyyata başlaya bilər

image-reklam-veteninfo

Kanadanın nüfuzlu The Globe and Mail qəzeti xəbərdarlıq edir ki, ABŞ rəhbərliyi Kanadanın suverenliyini zəiflətmək məqsədilə gizli təsir əməliyyatları həyata keçirə bilər. Məqalədə iddia olunur ki, Vaşinqton bu məqsədlə əvvəlki illərdə Qrenlandiya ilə bağlı istifadə etdiyi taktikalardan istifadə edə bilər.

Qəzet xatırladır ki, ötən ay Danimarka Xarici İşlər Nazirliyi ABŞ-ın müvəqqəti işlər vəkilini çağıraraq, Qrenlandiyada həyata keçirilən “təsir cəhdləri” ilə bağlı izahat tələb etmişdi. Yerli mediada yayılan məlumata görə, ABŞ Prezidenti Donald Trampla əlaqəli şəxslər Qrenlandiyada siyasi təsir əməliyyatları aparır, o cümlədən Tramp əleyhdarlarının siyahısını toplayır və adada ABŞ planlarını dəstəkləyən şəxslərin siyahısını hazırlayırmış.

ABŞ-ın Kopenhagen səfirliyinin nümayəndəsi isə açıqlamasında bu şəxslərin hərəkətlərinə Vaşinqtonun rəsmi nəzarət etmədiyini, onların özəl maraqlarının ola biləcəyini bildirib.

“Əgər bu deyilənlər doğrudursa, bu, ABŞ-ın tarixi imicindən – azad xalqların müdafiəçisi və demokratiya dayağı rolundan çıxaraq, avtoritar yırtıcıya çevrilməsi deməkdir. Bu, həm də NATO müttəfiqləri arasında parçalanmaya səbəb ola bilər”, – deyə qəzet qeyd edir.

Məqalədə vurğulanır ki, Trampın tərəfdarları – MAGA (Make America Great Again) hərəkatının üzvləri – Kanadanın ABŞ-a birləşdirilməsi ideyasını dəstəkləyir və xüsusilə Alberta vilayətindəki separatçı qruplarla əlaqələr qurmağa çalışırlar.

Bu fonda “The Globe and Mail” Ottava hökumətini xəbərdar edərək, Danimarka ilə daha sıx əməkdaşlıq etməyə və ölkə daxilində əhalini maarifləndirməyə çağırır. Məqsəd — separatçılığın siyasi və iqtisadi nəticələrini izah etmək və onun qarşısını almaqdır.

Qəzet, Trampın daha əvvəl Qrenlandiyanın ABŞ-a birləşdirilməsini istədiyini, əks halda Danimarkaya qarşı yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələdiyini xatırladır. O, prezidentliyi dövründə Qrenlandiyanı almaq təklifi ilə çıxış etsə də, bu təklif Danimarka və Qrenlandiya rəhbərliyi tərəfindən rədd edilmişdi.

Tramp həmçinin Kanadanın ABŞ-ın 51-ci ştatı olmasının əhali tərəfindən dəstəkləndiyini iddia edib. Onun fikrincə, bu birləşmə Kanadaya iqtisadi sabitlik və təhlükəsizlik gətirəcək, xüsusilə də Rusiya və Çin kimi ölkələrdən gələn təhdidlərə qarşı qoruyacaq.

Lakin Kanadanın Baş naziri Mark Karni bu iddialara cavab olaraq bildirib ki, “Kanada heç bir halda və heç bir formada ABŞ-ın tərkib hissəsinə çevrilməyəcək.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki