Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin işğal altında olan ərazilərinin hərbi yolla azad edilməsinin artıq mümkün olmadığını etiraf edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniyanın The Telegraph nəşri yazır.
Nəşrin məlumatına görə, Ukrayna tərəfi müharibənin dayandırılması məqsədilə hazırkı cəbhə xətti üzrə atəşkəsi nəzərdən keçirməyə hazırdır. Lakin bu, yalnız bir şərtlə mümkündür – beynəlxalq ictimaiyyət Rusiya Federasiyasının işğal etdiyi ərazilərə nəzarətini tanımamalıdır.
“Ukrayna Konstitusiyası prezidentə və parlamentə ölkənin ərazi bütövlüyünə birtərəfli qaydada dəyişiklik etmək və ya onu pozmaq hüququ vermir,” – deyə məqalədə qeyd olunur.
The Telegraph yazır ki, Zelenski hazırda münaqişənin diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayır. Nəşr həmçinin bildirir ki, Gallup-un yeni sorğusuna əsasən, yalnız ukraynalıların 25%-i Rusiya ilə müharibənin sona qədər davam etdirilməsini dəstəkləyir. Bu isə Ukrayna cəmiyyətində qələbəyə olan inamın kəskin azaldığını göstərir.
Polşanın Onet nəşrinin məlumatına görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinə qeyri-rəsmi plan təqdim edib. Planda Ukraynada atəşkəs razılaşması, lakin rəsmi sülh müqaviləsi olmadan müharibənin dayandırılması, Rusiyanın əldə etdiyi ərazilərin de-fakto tanınması və bu məsələnin 49 və ya 99 illik müddətə təxirə salınması nəzərdə tutulur.
Bundan əlavə, plan çərçivəsində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların əksəriyyətinin ləğv olunması və gələcəkdə enerji əməkdaşlığının – yəni Rusiya qazı və neftinin idxalının bərpası planlaşdırılır. Lakin təklifdə NATO-nun genişlənməsinin dayandırılması və ya Ukraynaya hərbi dəstəyin dayandırılması ilə bağlı heç bir təminat yer almır.
The Wall Street Journal isə yazır ki, Rusiya Prezidenti Vladimir Putin Donald Trampla mümkün görüşdə Rusiya tərəfindən işğal edilmiş bəzi ərazilərin tanınması qarşılığında digər bölgələrdən qoşunların çıxarılmasını təklif edə bilər. Nəşrin fikrincə, ABŞ-ın sabiq prezidenti və hazırkı namizədi Donald Tramp belə razılaşmanı qəbul etməyə və Ukrayna ilə müttəfiqləri buna razı salmağa cəhd göstərə bilər.