Amerika Birləşmiş Ştatlarının ardınca Avropa İttifaqı da Çindən idxal olunan elektrik avtomobillərinə gömrük qiymətlərini artırıb. ABŞ Çinin məhsullarına 100 faizlik gömrük rüsumu tətbiq edib. Avropa İttifaqında isə bu artım 17 və 38 faiz arasındadır. Brüssel bununla bağlı araşdırmaları ötən ilin oktyabr ayından aparıb. Çinin elektrik avtomobillərinə gömrük qiymətlərinin artırılmasını dəstəkləyən əsas dövlət Fransadır.
Brüssel nədən bu addımı atıb? Məsələ burasındadır ki, Çinin ucuz elektrik avtomobillərinin Avropada satış həcmi ildən-ilə artır və Avropada elektrik avtomobilləri istehsalçıları rəqabətdə geri qalırlar. Bunun da səbəbi Çin dövlətinin öz istehsalçılarına böyük subsidiyalar ayırmasıdır. Brüssel isə bunu ədalətsiz rəqabət kimi qiymətləndirib. 2019-cu ildə Çinin elektrik avtomobillərinin Avropa bazarındakı payı cəmi 1 faiz idisə, bu il bu rəqəm 8 faizə çatıb, gələn il üçün bu rəqəmin iki dəfə artacağı proqnozlaşdırılır. “Rhodium Group” Araşdırma Mərkəzinin hesabatına görə, 2020-ci ildə Çinin Avropada satdığı elektrik avtomobillərinin həcmi 1.6 milyard dollar idisə, 3 il sonra bu rəqəm 11.5 milyard dollara çatıb. Çinin elektrik avtomobillərinin qiyməti Avropada istehsal olunan elektrik avtomobillərinin qiymətindən 20 faiz ucuzdur. Brüssel bu səbəbdən bunun qarşısını almağa qərar verib.
Fransa Çində istehsal olunan elektrik avtomobillərinin gömrük qiymətlərinin artırılmasının tərəfdarı olsa da, Almaniya ehtiyatlı mövqedən çıxış edib. Çünki, Berlin Pekinin cavab addımından ehtiyatlanıb. Almaniyada istehsal olunan avtomobillər Çin bazarında böyük paya sahindir. İndi isə Çin də Avropada istehsal olunan avtomovillər üçün oxşar görmrük rüsumları tətbiq edəcək. Bu da Çində Almaniya istehsalı olan avtomobillərin satış həcmini azaldacaq. Almaniyanın iki məşhur avtomobil istehsalçısı olan “Volkswagen” və “Mercedes Benz” durumdan narahatdırlar.
Pekin hesab edir ki, Brüsselin rüsum artırma qərarı yalnız Çinlə Avropa İttifaqı arasında ticarət tərəfdaşlığına zərər vurmayacaq, bu eyni zamanda dünyada avtomobil istehsalı və satışına mənfi təsir edəcək. Brüssel elektrik avtomobilləri ilə yanaşı Çində istehsal olunan günəş panellərinə və külək turbinlərinə də gömrük rüsumunu artırmağa qərar verib. Çünki Çinin bu məhsulları da Avropada istehsal olunan oxşar məhsullardan ucuzdur.
Beləliklə, Avropa İttifaqı ilə Çin arasında ticarət müharibəsi genişlənib. Pekin Avropada istehsal olunan kənd təssərrüfatı və aviasiya sektorunu əhatə edən məhsullara da gömrük rüsumunu artırmağı planlaşdırır. Bu Fransanın bu məhsullarının ixracına mənfi təsir edəcək. Ticarət müharibəsinin növbəti mərhələdə ağartı məhsullarına tətbiq olunacağı bildirilib. Avropa İttifaqı kənd təssərrüfatı məhsullarının 1\4 hissəsini Çinə ixrac edir. Avropa İttifaqının 2023-cü ildə bundan gəliri 5 milyard avro olub.
“Atlas” Araşdırmalar Mərkəzi