İndoneziyanın Açeh əyalətində bir qadın TikTok-da canlı yayım zamanı nümayiş etdirdiyi davranışa görə ictimaiyyət qarşısında şallaq cəzasına məruz qalan ilk şəxs olub.
Xarici KİV-in məlumatına görə, hadisə qadının canlı yayım zamanı həyat yoldaşı olmayan bir şəxslə öpüşməsindən sonra baş verib. Açehdə fəaliyyət göstərən dini polis bu hərəkəti şəriət qanunlarının pozulması kimi qiymətləndirərək cütlüyün cəzalandırılmasına qərar verib.
Məlumata əsasən, cəza ictimai meydanda çoxsaylı insanların iştirakı ilə icra olunub. Yayılan görüntülərdə qadının diz çökdürülərək maskalı cəllad tərəfindən rotanq çubuğu ilə dəfələrlə şallaqlandığı əks olunub. Bildirilir ki, qadın aldığı zərbələr nəticəsində huşunu itirib və həkimlər hadisə yerində ona ilkin tibbi yardım göstəriblər.
Vətəninfo.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, qadına 21, bəzi məlumatlarda isə 27 şallaq cəzası təyin edilib. Açeh qanunvericiliyinə əsasən, məhkum cəza zamanı huşunu itirsə belə, sağlamlıq vəziyyəti sabitləşdikdən sonra qalan şallaq zərbələri icra olunur.
Qadının tərəfdaşı da eyni hadisəyə görə şallaq cəzası alıb.
Banda Açeh şəhərinin şəriət polisinin rəhbəri Məhəmməd Rizal bildirib ki, bu hadisə şəriət qanunlarının sosial media və rəqəmsal platformalarda yayımlanan məzmuna tətbiq edildiyi ilk hal hesab olunur.
Qeyd edək ki, Açeh İndoneziyada şəriət qanunlarının rəsmi şəkildə tətbiq olunduğu yeganə əyalətdir. Burada nikahdan kənar münasibətlər, subay kişi və qadın arasında fiziki yaxınlıq, eyni cinsli münasibətlər, qumar və spirtli içki istifadəsi qanunla cəzalandırılır.
Məlumata görə, həmin gün daha bir neçə nəfər də müxtəlif şəriət pozuntularına görə ictimai şəkildə şallaqlanıb. Onlardan bir cütlük “yaxın münasibətə” görə hər biri 27, iki nəfər isə qumar oynadıqları üçün 29 və 8 şallaq cəzası alıb. Bundan əvvəl isə dörd nəfər nikahdankənar cinsi münasibətdə ittiham olunaraq hər biri 100 şallaq cəzasına məhkum edilmişdi.
Beynəlxalq Amnistiya Təşkilatı və Human Rights Watch da daxil olmaqla bir sıra beynəlxalq insan hüquqları təşkilatları Açehdə tətbiq olunan ictimai fiziki cəzaları insan hüquqlarının pozulması kimi qiymətləndirərək bu praktikanı dəfələrlə tənqid ediblər. Hüquq müdafiəçiləri bildirirlər ki, ictimai şallaqlama həm fiziki, həm də psixoloji baxımdan ağır nəticələr doğurur. Bununla belə, Açehdə bu cür cəzalar mühafizəkar dairələr tərəfindən dəstəklənməkdə davam edir.


























