image-reklam-veteninfo
image-1backend

TOGG Almaniyada yeni modelini təqdim etdi

image-reklam-veteninfo

Türkiyənin elektrikli avtomobil istehsalçısı TOGG yeni sedan modelini Almaniyada tanıdaraq Avropa bazarında satışlara başlamağa hazırlaşdığını açıqlayıb. Şirkət qitənin ən böyük və rəqabətli avtomobil bazarına daxil olmaqla yeni gəlir imkanları axtarır.

Sentyabrın 8-də (bu gün) “T10X elektrikli SUV” modelinin Avropa təqdimatını keçirən TOGG şirkəti “T10F” adlı beşqapılı elektrikli sedan modelini təqdim edib. Hər iki model üçün ilkin sifarişlərin sentyabrın sonunda Almaniyada başlayacağı bildirilib.

TOGG İdarə Heyətinin sədri Fuat Tosyalı şirkətin Türkiyədə qazandığı uğurun ardından Avropaya açılmasının əhəmiyyətli bir dönüş nöqtəsi olduğunu vurğulayıb. O, istehsal prosesində qarşılaşılan çətinliklərə toxunaraq deyib: “Tarixdə ilk dəfə bütün əqli mülkiyyət hüquqları Türkiyəyə məxsus olan bir avtomobil istehsal etmək, ölkəmizin sənaye tarixinə baxdığınızda bu bir başa meydan oxuma idi. Ancaq biz bunu bacardıq. Şükür ki, heç vaxt geri çəkilmədik, çətinliklər ilə üzləşdikdə həmişə həll yolları tapmağa çalışdıq.”

Qeyd edək ki, hər iki modelin qiymət detalları hələlik açıqlanmayıb. Ötən il TOGG Türkiyədə təxminən 30 min ədəd “T10X elektrikli SUV” satışı həyata keçirib. Bu ilin avqust ayına qədər isə satışlar 42 faiz artaraq təxminən 21 min ədədə çatıb.

Elektrikli avtomobil bazarında uğursuzluğa düçar olan “Fisker”, “Lordstown” və “Arrival” kimi şirkətlər fonunda TOGG-un yüksəlişi diqqət çəkir. Bəzi investorlar hələ də zərərlə işləyən bu şirkətləri maliyyələşdirməyə davam edir.

Bildirilir ki, Amerikanın elektrikli avtomobil istehsalçısı “Lucid”, Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondundan təxminən 8 milyard dollar maliyyə dəstəyi alıb. “Volkswagen” isə “Rivian”a investisiya etdiyi 5,8 milyard dollarlıq sərmayə ilə ABŞ şirkətinə mühüm dəstək göstərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki