Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusunda iştirak etməsini və ya “TDT+” formatına qoşulmasını təklif edib.
Vətəninfo.az xəbər verir ki, Tokayev bu barədə 13-cü Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə çıxışı zamanı bildirib.
Qazaxıstan Prezidenti suverenliyə və milli maraqlara hörmətin təşkilat çərçivəsində əməkdaşlığın əsas prinsiplərindən biri olduğunu vurğulayıb.
Tokayev Rusiyanın türk dünyası ilə tarixi və mədəni əlaqələrinə diqqət çəkərək Moskvanın təşkilatın fəaliyyətində iştirakına müsbət yanaşdığını ifadə edib.
“Böyük dövlət olan Rusiya əsrlər boyu türk dünyası ilə sıx əlaqələr saxlayıb. Bir çox türk xalqlarının nümayəndələri tarixən bu ölkədə yaşayıblar. Rusiya hazırda Qazaxıstanın dəstəklədiyi ‘Altay – Türk sivilizasiyasının beşiyi’ layihəsini təşviq edir. Rus dilindəki bir çox söz türk mənşəlidir. Ümumilikdə, Rusiyanın türk ölkələrinin, yəni Təşkilatımızın bir hissəsi olması bütün ölkələrimizə fayda verərdi”, – deyə Tokayev qeyd edib.
Qazaxıstan liderinin sözlərinə görə, ölkəsinin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə ticarət dövriyyəsi bu il 10 milyard dollara yaxınlaşıb. Bu göstərici ötən illə müqayisədə 40 faiz artım deməkdir.
Tokayev, həmçinin TDT-nin 2027–2031-ci illər üzrə strategiyasının qəbulunun sürətləndirilməsini və Türk İnvestisiya Fondunun imkanlarından daha fəal istifadə olunmasını təklif edib.


























