Tramp 2 milyon işçini işdən çıxarır
ABŞ prezidenti Donald Tramp administrasiyası gələn həftəyə qədər ixtisar olunacaq bütün federal işçilərə maliyyə güzəştləri təklif etdiyini açıqlayıb. Bu misli görünməmiş addım ABŞ hökumətinin işçilərinin sayının azaldılması təşəbbüsü çərçivəsində atılır. Vətəninfo.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ABŞ hökumətinin kadrların idarə olunması ofisinin memorandumuna istinadən məlumat yayıb.
Qeyd olunur ki, memorandumda hökumətin bütün federal işçilərin yüksəldilmiş standartlara uyğunluğunu yoxlamağa başlayacağı da bildirilir. İşçilərə gələcək ixtisarlar barədə də xəbərdarlıq edilib.
Milyonlarla işçiyə göndərilən məktubda fevralın 6-dan əvvəl vəzifəsini könüllü tərk edənlərin təxminən 8 aylıq maaş alacağı bildirilir.
Daha əvvəl milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətin Səmərəliliyi Departamenti (DOGE) əsasən qeyri-vacib iş yerlərini ixtisar etməklə, müxtəliflik, bərabərlik və inklüziv proqramları və xarici proqramları ləğv etməklə federal hökumətə gündə təxminən 1 milyard dollar qənaət etdiyini açıqlamışdı.