İsraillə HƏMAS arasında əldə edilən atəşkəs və əsir mübadiləsi razılaşmasına vasitəçilik edən ABŞ Prezidenti Donald Trampın İsrailə səfəri ölkədə böyük coşqu ilə qarşılanıb. Trampın ziyarəti 4 saatdan az çəkəcək qısa rəsmi səfər çərçivəsində baş tutur.
Vətəninfo.az xəbər verir ki, İsraillilər Trampa təşəkkürlərini bildirmək üçün maraqlı bir üsula əl atıblar. Tel-Əvivdəki bir çimərlikdə Trampın silueti çəkilib və bu təsvirə “Thank You – Home” (“Təşəkkürlər… Evin”) mesajı əlavə olunub. Çimərlikdəki bu xüsusi təsvirin Trampın təyyarəsindən görünməsi məqsədi ilə hazırlandığı bildirilir.
Tramp İsrailə gəldikdən sonra Ben Qurion hava limanında rəsmi mərasimlə qarşılanıb. Daha sonra Qüdsdə yerləşən Knesset binasına gələn ABŞ lideri, burada xatirə kitabını imzalayaraq yazıb:
“Bu mənim üçün böyük şərəfdir. Bu gün böyük və gözəl bir gündür. Bu, yeni bir başlanğıcdır.”
Knessetdə etdiyi çıxışında Tramp bildirib ki, HƏMAS razılaşmaya əsasən silahsızlanmağa əməl edəcək. O, həmçinin Qəzza bölgəsində müharibənin sona çatdığını bir daha vurğulayıb.
Trampın İsrail səfəri zamanı Baş nazir Benyamin Netanyahu, İsrail Prezidenti İsxaq Hersoq və əsir ailələri ilə görüşlər keçirəcəyi açıqlanıb. ABŞ prezidenti bu görüşlərdə “İsrail xalqına əbədi sevgi və sülh” mesajı verəcəyini bildirib.
Bu səfər, Trampın vasitəçiliyi ilə imzalanan atəşkəs razılaşmasının tətbiqi fonunda baş tutur. Qeyd edək ki, razılaşmanın birinci mərhələsində HƏMAS israilli girovları azad etməyə başlayıb, İsrail isə Qəzzadakı qüvvələrini geri çəkməyi və yüzlərlə fələstinlini azad etməyi öhdəsinə götürüb.