ABŞ və Rusiya Prezidentlərinin Alyaskadakı görüşünü diqqətlə izləyən ölkələr arasında Çin də var idi. Çinin “Sinhua” agentliyi liderlərin sammitini bu başlıqla yayımlayıb: “Ukrayna ilə bağlı razılaşma əldə olunmadı”.
“Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan bu yana Qərbin Pekinə qarşı siyasəti sərtləşib. Vaşinqton və Brüssel Pekini Rusiyaya hərbi dəstəkdə ittiham edirlər. Pekin bu iddiaları rədd etsə də, Qərb ölkələrinin kəşfiyyat strukturları Çinin Rusiyaya hərbi texnika istehsalı üçün lazım texnoloji avadanlıqlar ötürdüyü qənaətindədir”. Vətəninfo.az xəbər verir ki,bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzi rəhbəri Elxan Şahinoğlu vurğulayıb.
Şahinoğlu qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin davam etdirilməsi bir tərəfdən Çinə iqtisadi problemlər yaradarkən, digər tərəfdən bu ölkənin rəsmiləri müharibənin davamında maraqlı olduqlarını gizlətmirlər. Çinin xarici işlər naziri Van Yi Brüsseldəki görüşlərin birində açıq etiraf etmişdi ki, Rusiya müharibədə məğlub olarsa, ABŞ bütün diqqətini Çinə yönəldəcək. Başqa sözlə bu o deməkdir ki, ABŞ-ın başı nə qədər Rusiya-Ukrayna müharibəsinə qarışsa, bu bir o qədər Çinin maraqlarına cavab verir.
“Çinin “China Daily” nəşrində yayımlanan son məqalədə Rusiya-Ukrayna müharibəsinin günahkarı kimi NATO-nun şərqə doğru genişləndirilməsi siyasəti göstərilib. Nəşrin iddiasına görə, Rusiya-Ukrayna müharibəsinin başlamasının səbəbi məhz budur. Alyaska görüşünü şərh edən qəzet ABŞ və Rusiya Prezidentlərinin görüşünün nəticə verməməsinin dərin səbəbləri olduğunu vurğulayıb. Çin nəşri müharibənin dayandırılması üçün Qərbin ciddi addımlar atması zərurətini yazıb. Nəşr həmin addımların nədən ibarət olduğunu yazmasa da, söhbətin Rusiyanın təhlükəsizlik maraqlarının nəzərə alınmasından getdiyi aydındır”.
Mərkəz rəhbəri qeyd edir ki,bu arada, ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət müqaviləsinin imzalanmasına çalışır. Trampın mövqeyi belədir ki, Rusiya-Çin ittifaqı ABŞ üçün təhlükəlidir, Vaşinqton bu dövlətlərdən birini öz tərəfinə çəkməlidir. Tramp Rusiya-Çin ittifaqının formalaşmasına görə özündən əvvəlki demokrat Prezidentləri – Barak Obamanı və Co Baydeni günahlandırıb. Məlumdur ki, ABŞ-la keçmiş SSRİ arasında soyuq müharibə illərində Vaşinqton kommunist Pekini öz tərəfinə çəkməyə nail olmuşdu. Ancaq SSRİ dağıldıqdan sonra Vaşinqtonun bu siyasəti zəiflədi və Rusiya Çinlə müxtəlif sahələrdə tərəfdaşlıq əlaqələri qurdu:
“Buna baxmayaraq, Tramp hesab edir ki, Rusiya və Çin strateji tərəfdaş ola bilməzlər. Onun fikrincə, əhalisi artan Çinin Rusiyanın ərazilərinə və resurslarına ehtiyacı var. İndi əsas sual budur: Tramp Rusiya-Çin ittifaqını zəiflətmək üçün hansı ölkəni özünə yaxınlaşdırmaq istəyəcək? Həm Moskva, həm də Pekin ABŞ-la siyasi və iqtisadi əlaqələri inkişaf etdirmək istəyirlər. Moskvaya mane olan Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsidir. ABŞ-la Çin öz aralarında ixdal və ixracatda razılaşmalar əldə edə bilsələr, Vaşinqton yenə tərəfdaş olaraq Pekini seçə bilər. Ancaq bunun üçün Çin Tayvanı ələ keçirmək planından imtina etməlidir. Pekinin isə bu planından imtina edəcəyinə dair işarə yoxdur. Odur ki, Trampın söylədiklərinə baxmayaraq, Vaşinqton hələ bir müddət də Moskva-Pekin ittifaqı ilə üz- üzə qalacaq”.
Vətəninfo.az