ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun hakimiyyətdə qalma müddətinin başa çatmaq üzrə olduğunu bəyan edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Tramp CBS News telekanalına müsahibəsində danışıb.
“Bəli, məncə elədir. Deyərdim ki, Maduronun prezident kimi günləri sayılıb”, – deyə Tramp bildirib.
ABŞ prezidenti eyni zamanda Venesuelaya qarşı hərbi zərbə planlarının olub-olmaması ilə bağlı sualı cavablandırmaqdan imtina edib, lakin ABŞ-ın bu ölkə ilə müharibəyə doğru getdiyinə inanmadığını vurğulayıb.
“Mən buna şübhə edirəm. Düşünmürəm ki, ABŞ Venesuela ilə müharibəyə hazırlaşır”, – deyə Tramp qeyd edib.
Jurnalistin “Venesuela ərazisinə zərbə endirmək planlarınız varmı?” sualına cavabında isə prezident konkret mövqe bildirməyib:
“Bunu sizə deyə bilmərəm. Nə doğru, nə də yanlış olduğunu deməyəcəyəm. Mən jurnalistlə zərbə planlarını müzakirə etmirəm. Hətta belə planlar olsa belə, bunu sizə söyləyərdimmi?”, – deyə Tramp sualı cavabsız qoyub.
Xatırladaq ki, daha əvvəl The Wall Street Journal, The Miami Herald və New York Post nəşrləri mənbələrə istinadən ABŞ administrasiyasının Venesuela ərazisindəki bir sıra obyektlərə hücum qərarı verdiyini yazmışdılar.
Mənbələrin məlumatına görə, hədəflər sırasında ordunun nəzarətində olan, narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi iddia edilən limanlar və hava limanları var.
New York Post-a danışan Ağ Ev rəsmisi bildirib:
“Maduro artıq keçmişdə qalır. Azad və firavan Venesuela üçün yeni dövr başlayır. Bir neçə günə onun haqqında keçmiş zamanda danışılacaq, onun hərəkətlərini isə tarix qiymətləndirəcək.”
Donald Tramp isə oktyabrın 31-də bildirib ki, hələlik bu məsələ ilə bağlı heç bir qərar qəbul etməyib. ABŞ dövlət katibi Marko Rubio isə Miami Herald-ın yazısını sosial şəbəkə “X”də “saxta xəbər” adlandırıb.
Qeyd edək ki, sentyabrdan etibarən ABŞ Karib dənizində Amerika kəşfiyyatının məlumatına əsasən narkotik daşıyan gəmilərə qarşı əməliyyatlar həyata keçirir. Tramp dəfələrlə Venesuela prezidenti Nikolas Maduronu beynəlxalq narkotik ticarətinə dəstək verməkdə ittiham edib.


























