ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında bu cümə günü Alyaskada keçiriləcək görüş öncəsi Ağ Evdən ehtiyatlı açıqlamalar gəlib. The Hill nəşrinin yazdığına görə, administrasiya bu görüşdən Ukraynadakı müharibəyə dərhal son qoyulacağına dair ciddi gözləntilər yaratmamaq üçün “dinləmə” və “yoxlayıcı görüş” kimi ifadələrdən istifadə edir.
Tramp və komandası hesab edir ki, bu görüş əsasən ilkin mərhələ olacaq və daha konkret irəliləyiş üçün gələcəkdə Zelenski ilə Putinin də iştirak etdiyi ikinci görüşə ehtiyac olacaq.
Tramp: “Harada olduğumuzu və nə etdiyimizi bilmək istəyirəm”
Prezident Tramp çərşənbə günü verdiyi açıqlamada bildirib ki, ikinci görüşün birincidən daha məhsuldar olacağı ehtimalı var, lakin bu, ilk görüşün necə keçəcəyindən asılı olacaq:
“Əgər birinci görüş uğurlu olarsa, dərhal ikinci görüşü keçirmək istəyirəm. Amma əgər istədiyimiz cavabları ala bilməsəm, ikinci görüş olmayacaq.”
Ağ Evdən qeyri-müəyyən açıqlamalar
Trampın mətbuat katibi Kerolin Livitt bildirib ki, bu görüş Tramp üçün “qarşı tərəfin nə dediyini dinləmək” baxımından önəmlidir:
“Görüşdə yalnız bir müharibə tərəfi iştirak edəcək. Prezident Tramp sadəcə vəziyyəti daha aydın başa düşmək istəyir – ümid edirik ki, bu, müharibənin sonuna gətirib çıxara bilər.”
Tramp isə jurnalistlərə açıqlamasında görüşün “yaxşı da ola biləcəyini, pis də”, lakin nəticənin yalnız söhbətdən sonra aydınlaşacağını deyib.
ABŞ Ukraynanın bölünməsini müzakirə etmir
NBC News-un məlumatına görə, Tramp Ukraynanın ərazi bütövlüyü məsələsinin müzakirəyə çıxarılmayacağını bildirib. Görüşdəki əsas məqsəd atəşkəsə nail olmaq olacaq.
The Guardian: Tramp üçün Putinlə razılaşmaq asan olmayacaq
Britaniyanın The Guardian qəzeti yazır ki, Trampın Putinlə razılaşması çətin olacaq, çünki Rusiya ordusu cəbhədə irəliləyir və Putin özünü qalib kimi hiss edir. Bu isə onun kompromisə meylli olma ehtimalını azaldır.
Tramp-Putin görüşü, regionda və beynəlxalq miqyasda böyük diqqətlə izlənir. Nəticənin necə olacağı və sülhə nə qədər yaxınlaşıldığı qarşıdakı günlərdə bəlli olacaq.