KİV-in məlumatına görə, ABŞ və Rusiya Ukrayna müharibəsinin həlli ilə bağlı danışıqlar üçün fevralın 18-də Səudiyyə Ərəbistanında görüşə bilər. Görüşdə ABŞ və Rusiyadan yüksək vəzifəli şəxslərin iştirakı gözlənilir.
Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşünün “çox yaxında baş tuta biləcəyini” deyib. Trampın sözlərinə görə, Rusiya lideri Ukraynada müharibəyə son qoymaq istəyir.
Tramp danışıqlara işarə edir
“Daytona 500″ yarışına getmək üçün təyyarəyə minməzdən əvvəl jurnalistlərə açıqlama verən Tramp mümkün danışıqlarla bağlı suala belə cavab verib: “Bu, çox yaxın zamanda baş verə bilər”.
Tramp həm Vladimir Putinin, həm də Ukrayna prezidenti Volodimir Zelenskinin müharibəni bitirməkdə maraqlı olduğunu bildirib və əlavə edib: “Məncə, Putin müharibəni dayandırmaq istəyir. Mən bunu görürəm. Biz bu məsələni uzun müddət müzakirə etdik” deyib.
Tramp tərəflərin həll yolu üzərində işlədiyini və sülhə nail olmaq üçün böyük səylər göstərdiyini də vurğulayıb.
ABŞ və Rusiya masa arxasına oturacaqmı?
Rusiyanın “Kommersant” qəzeti fevralın 18-də yazıb ki, Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar aparılacaq.
Amerikanın “Politico” qəzeti Tramp administrasiyasının yüksək səviyyəli rəsmilərinin bu görüşə hazırlaşmaq üçün Səudiyyə Ərəbistanına getdiyini yazıb.
Ukrayna: Konkret plan olmadan danışıq olmaz
Bu danışıqlar Ukrayna üçün gözlənilməz hadisə kimi qiymətləndirilib. “Politico”nun məlumatına görə, fevralın 16-da Ukrayna nümayəndələri də Səudiyyə Ərəbistanına gəliblər. Bununla belə, Ukrayna Prezident Aparatı bəyan edib ki, müharibənin başa çatması üçün konkret plan hazırlanmayana qədər Rusiya tərəfi ilə hər hansı danışıqlar aparmağı planlaşdırmırlar.
Ukrayna hökumət rəsmisi BBC-nin rusca xidmətinə bildirib ki, Kiyev danışıqlara dəvət almayıb və heç bir nümayəndə heyəti göndərməyib.