Reuters agentliyi xəbər verir ki, bu gün – 13 avqustda Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinin liderləri və ABŞ Prezidenti Donald Tramp ilə ayrı-ayrılıqda üç onlayn görüş keçirəcək.
Zelenskinin Tramp və Avropa liderləri ilə birgə videokonfransı Trampın Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan sammitindən əvvəl baş tutacaq. Almaniya hökumətinin sözçüsünün verdiyi məlumata əsasən, birinci onlayn görüş Bakı vaxtı ilə saat 16:00-da (12:00 GMT) keçiriləcək. Görüşdə Almaniya, Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa, Avropa İttifaqı rəhbərləri və NATO baş katibi Mark Rütte iştirak edəcəklər.
İkinci görüş Bakı vaxtı ilə saat 17:00-da (13:00 GMT) Tramp və ABŞ-ın vitse-prezidenti Cey Di Vensin iştirakı ilə yalnız Avropa liderləri ilə baş tutacaq.
Üçüncü onlayn görüş isə saat 18:30-da (14:30 GMT) “istəklilər koalisiyası” çərçivəsində keçiriləcək. Bu koalisiya, atəşkəs halında Ukraynaya dəstəyin davam etdirilməsi üçün mexanizmlər üzərində işləyir.
Reuters yazır ki, bir neçə yüksək vəzifəli Avropa rəsmisi, Trampın Putinlə mümkün razılaşmasının Avropa və Ukraynanın maraqları üçün əlverişsiz ola biləcəyindən narahatdır. Onların fikrincə, belə bir ssenaridə Avropanın birliyi həlledici rol oynayacaq.
ABŞ-dakı daxili müzakirələrə bələd olan mənbənin agentliyə verdiyi məlumata görə, Trampın Ukrayna və Avropanı kənarda qoyaraq, Putinə birbaşa razılaşma təklif etməsi ehtimalı tam istisna olunmur. Lakin mənbə belə bir addımın ABŞ-ın Kiyev və Brüssel ilə münasibətlərində ciddi problemlər yarada biləcəyini də qeyd edib.