ABŞ prezidenti Donald Trampın Ukraynanı müzakirə etmək üçün Rusiya lideri Vladimir Putinlə Budapeştdə görüşəcəyi ilə bağlı açıqlaması Avropa İttifaqında (Aİ) narahatlıqla qarşılanıb. Bu barədə The Telegraph yazıb.
Britaniya nəşri qeyd edir ki, görüşün Macarıstanda keçirilməsi Aİ üçün “ağrılı zərbə” kimi hiss olunacaq. Məqalədə qeyd olunur:
“Macarıstanın sammit üçün seçilməsi Aİ-nin üzündəki təbəssümü siləcək. Birlik Ukrayna sülh danışıqlarında böyük ölçüdə kənarda qalıb və Qəzza sülh planında oynadığı periferik rolu dərk edir”.
Məqalənin müəllifinə görə, Macarıstanın baş naziri Viktor Orban bu vəziyyətdə özünü “qaymaqlı pişik” kimi hiss etməlidir. Nəşr yazır ki, Avropa diplomatları Orbanın Aİ siyasətinə mane olmasından narazıdır və ölkədə hakimiyyət dəyişikliyinə ümid edirlər. Lakin Budapeştdə baş tutacaq sammit Orbanın dünya səhnəsində nüfuzunu daha da artıracaq.
Qeyd edək ki, Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Macarıstanın paytaxtı Budapeştdə görüşmək barədə razılığa gəldiklərini açıqlayıb. ABŞ prezidenti bu görüşün yaxın iki həftə ərzində baş tuta biləcəyini bildirib.