ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı müharibənin sonu çox yaxındır və nəhayət, Rusiya ilə Ukrayna arasında razılığa gəlinəcək.
Vətəninfo.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə müsahibəsində qeyd edib.
Jurnalistlərdən birinin bu il Rusiyaya səfər edib-etməyəcəyi barədə sualına Tramp cavab olaraq bildirib ki, lazım olan hər şeyi edəcək.
“Deyə bilərəm ki, nə lazımdırsa edəcəyəm. Səkkiz müharibəni həll etmişəm. Bu müharibə də sona çatır. İnanın ya yox, sona çatır və düşünürük ki, nəhayət Rusiya ilə Ukrayna arasında razılığa gələcəyik”, – deyə Tramp bildirib.
ABŞ prezidenti ilə Putin arasında Rusiyanın bütün Donbası alması ilə bağlı hər hansı bir razılaşmanın olub-olmadığı soruşulduqda, Tramp mənfi cavab verib.
Bundan əlavə, ABŞ prezidenti NATO-dan danışarkən ittifaqdan məyus olduğunu bildirib:
“NATO mənim üçün böyük bir məyusluq oldu – NATO ehtiyac duyduğumuz yerdə olmadı. Bizə NATO lazım deyil, amma ehtiyac duyduğumuz zaman belə, onlar sadəcə orada olmayıblar”, – deyə Tramp bildirib.


























