image-1backend

Trampın əsas adamı sayılan  Marko Rubio kimdir? -DOSYE

image-reklam_sirab_01

2024-cü il noyabrın 13-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp gələcək administrasiyasında ABŞ dövlət katibi vəzifəsinə Florida ştatından senator Marko Rubionun namizədliyini irəli sürüb.

Vətəninfo.az xəbər verir ki, Marko Rubio 28 may 1971-ci ildə Mayamidə kubalı mühacir ailəsində anadan olub. İki ali təhsili olan Rubio 1996-cı ildə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Bob Doulun seçki qərargahında işləyib.

1998-ci ildə Qərbi Mayami Şəhər Şurasına üzv seçilib. 2000-ci ilin yanvarında Florida Nümayəndələr Palatasına erkən seçkilərdə qalib gəlib və dörd dəfə seçkilərdən qalib ayrılıb.

2010-cu ildə Marko Rubio ilk dəfə ABŞ Senatına seçilib. Bu günə qədər o, müxtəlif komitələrdə çalışıb. 2016-cı ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürüb, lakin praymeriz zamanı namizədliyini geri götürüb. Donald Trampın rəqibi olduğu seçki kampaniyası zamanı bir-birini kəskin tənqid etsə də, partiyanın qurultayında Tramp vahid namizəd kimi təsdiqlənəndə Rubio onu dəstəkləyib.

Senator iqtisadi və sosial siyasətlə bağlı mühafizəkar fikirləri ilə tanınır. Rubio hökumət xərclərinin azaldılması və müdafiə xərclərinin artırılmasının tərəfdarıdır və Obamacare tibbi sığorta proqramına qarşıdır.

O, abort, gey nikahı, marixuananın leqallaşdırılması və silaha nəzarətin artırılmasının əleyhinədir. Əvvəlcə senator, ABŞ-da qeyri-qanuni miqrantların mərhələli şəkildə leqallaşdırılmasının lehinə danışsa da, sonradan öz fikrini dəyişib və sığınacaq qaydalarını sərtləşdirməyə, ABŞ-ın Meksika ilə sərhədini gücləndirməyə çağırıb.

Siyasətçi həmçinin, iqlim dəyişikliyinin insan fəaliyyəti ilə bağlı olduğuna inanmır və alternativ enerji mənbələrinə keçidin tərəfdarı deyil.

Rubio NATO-nun Liviyadakı hərbi əməliyyatını (2011), Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsini (2015) və Vaşinqtonun Tehranla “nüvə sazişi”ndən çıxmasını (2018) dəstəkləyib.

BMT-nin təklif etdiyi Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında həlli konsepsiyası ilə razı olmayan siyasətçi Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarını alqışlayıb (2017), İsrailə hərbi yardım edilməsinin vacibliyini vurğulayıb.

O, Çini cilovlamaq üçün Asiya-Sakit okean regionunda ABŞ-ın hərbi mövcudluğunu artırmağı təklif edib və İran, Suriya, KXDR-ə qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır.

2022-ci ildə o, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı pisləyib. Eyni zamanda Rubio münaqişəyə danışıqlar yolu ilə son qoyulmalı olduğuna inanaraq, Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxış edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image