ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar neft, qaz və emal olunmuş məhsulların idxalına şamil edilmir. Vətəninfo.az xəbər verir ki , bu barədə Ağ Evə istinadən Reuters məlumat yayıb.
Aprelin 2-də Tramp ABŞ-a idxal edilən bütün mallara 10% baza rüsumunu və ölkənin onlarla ən böyük ticarət tərəfdaşına daha yüksək tariflər tətbiq etdiyini açıqladı.
Bununla belə, Ağ Ev rəsmisinin bildirdiyi kimi, bu yeni tədbirlər Kanada və Meksikadan, eləcə də hər hansı digər ölkədən enerji idxalına şamil edilməyəcək.
Kanada və Meksika ABŞ-a idxal edilən iki ən böyük xam neft mənbəyidir, Avropa isə neft emalı zavodlarının çatışmazlığı olan ABŞ-ın Şərq Sahilinə böyük miqdarda yanacaq idxal edir.
Aprelin 2-də Tramp ABŞ-ın xarici ticarət tərəfdaşlarına qarşılıqlı tariflər tətbiq etmək qərarını açıqlayıb.
“Bunlar qarşılıqlı tariflərdir”. “Əgər onların bizə qarşı tarifləri varsa, deməli, bizim də onlara qarşı tariflərimiz var”, o, Ağ Evdə çıxışı zamanı deyib.
Tramp əlavə edib ki, Amerika tarifləri “tam qarşılıqlı olmayacaq”. O, digər ölkələrin ABŞ-a hansı tarifləri tətbiq etdiyini və ABŞ-ın onlara cavab olaraq nələr tətbiq etdiyini göstərən cədvəl göstərib.
Cədvələ görə, Çində Amerika mallarına tariflər orta hesabla 67%, ABŞ-ın cavab tarifləri isə 34% olacaq. Aİ tarifləri 39%, cavab tarifləri isə 20% səviyyəsində qiymətləndirilir. Yaponiyadan idxal olunan mallara rüsumlar 46%, ABŞ-dan cavab rüsumları isə 24% təşkil edir. Amerika mallarına Hindistan tarifləri 52%, cavab tarifləri isə 26% səviyyəsində qiymətləndirilir.
“Əgər siz tariflərin 0 faiz olmasını istəyirsinizsə, o zaman məhsullarınızı burada, ABŞ-da hazırlayın”, – ABŞ prezidenti bildirib.