image-reklam-veteninfo
image-5backend

Turistlərin heyran qaldığı, tarixlə təbiətin qovuşduğu Kütahya – FOTOLAR

image-reklam-veteninfo

Türkiyə təbiət və tarixi abidələri, milli mətbəxi ilə dünyanı fəth edir. 2024-cü ildə Türkiyəyə ümumilikdə  62,2 milyon turist səyahət edib. Türkiyə məhz gələn turistlərdən ümumilikdə  61,1 milyard dollar gəlir götürüb. Bu Türkiyə turizmi üçün rekord məbləğdir. Türkiyənin bütün əraziləri turizm üçün olduqca əlverişlidir. Türkiyənin Anadolu torpaqları da  hər qarışı tarixdir. Lakin bəzi şəhərlər var ki, həm qədim sivilizasiyaların izlərini yaşadır, həm də təbiətin sehri ilə insanı özünə valeh edir. Türkiyənin Egey bölgəsində yerləşən Kütahya belə şəhərlərdən biridir. Qədim Frig dövründən bu yana bir çox mədəniyyətin izlərini qoruyub saxlayan Kütahya bu gün təkcə tarixi ilə deyil, həm də təbii gözəllikləri və turizm imkanları ilə “gizli bir cənnət” sayılır.

Kütahya, Türkiyənin qərbində, Egey bölgəsinin daxili hissəsində, 1000 metrə yaxın yüksəklikdə yerləşir. Şəhərin ümumi əhalisi 2024-cü ilin məlumatına görə təxminən 580.000 nəfər civarındadır. Əhalisinin böyük hissəsi Kütahya mərkəzdə və Tavşanlı, Gediz, Simav kimi rayonlarda cəmlənib. Təmkinli həyat tərzi, təmiz havası və sakit atmosferi Kütahyanı həm yaşamaq, həm də səyahət üçün əlverişli məkana çevirir.

Kütahya qədim tarixə malik bir şəhərdir. Friglər, Lidiyalılar, Perslər, Makedoniyalılar, Roma və Bizans imperiyaları bu torpaqlarda hökmranlıq edib. 1071-ci ildən sonra Səlcuqların, daha sonra isə Osmanlıların nəzarətinə keçmişdir.

Kütahyanın simvoluna çevrilmiş Kütahya Qalası Bizans dövrünə – təxminən 5-ci əsrə aid edilir. Qala şəhərin mərkəzindəki təpədə yerləşir və 70-dən çox bürcü ilə dövrünün mühüm müdafiə qalalarından biri olmuşdur. Bugün buradan açılan şəhər mənzərəsi həm yerli, həm də xarici turistlərin diqqətini çəkir.

image-7

Kütahya Ulu Camisi (15-ci əsr) – Osmanlı memarlığının şəhərdəki nadir nümunələrindən biridir.

Vacidiye Medresesi – Səlcuq memarlığına aid 14-cü əsr təhsil ocağı, bu gün Çini Muzeyi kimi fəaliyyət göstərir.

Germiyan Sokağı – Osmanlı dövrünün orijinal evlərinin qorunduğu küçə, mədəni dəyərlərin canlı nümayişidir.

Dumlupınar Şəhidliyi və Atatürk Evi – Türkiyə Respublikasının yaranmasına aparan Qurtuluş Savaşının izlərini yaşadan simvolik məkanlardır.

Frig Vadisi və Aizonai Antik Şəhəri – Roma dövrünə aid məbədlər, amfiteatr və sütunlu yollarla zəngin tarixi komplekslərdir. Aizonai Zevs Məbədi xüsusilə yaxşı qorunmuş nadir abidələrdən biridir və Kütahyanın dünya turizmi üçün mühüm açarıdır.

image-5

Kütahya, dünyaca məşhur çini (keramika) sənətinin doğma yurdudur. Əsrlərdir ustalar tərəfindən yaradılan əl işi qablar, plitələr və süfrə aksesuarları bu şəhərin mədəni irsini yaşadır. Şəhərdəki Çini Muzeyi, Ahmet Yakupoğlu Evi və onlarla sənətkarlıq atelyesi bu sənəti gələcək nəsillərə ötürür. 2017-ci ildə Kütahya Çinisi UNESCO Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir.

Turistlər burada yalnız izləyici qismində qalmır, həm də çini ustalarının rəhbərliyi ilə öz əl işlərini hazırlamaq imkanına malik olurlar. Bu, Kütahyanı interaktiv mədəni turizm baxımından fərqləndirir.

Kütahya termal su ehtiyatları baxımından Türkiyənin ön sıralarında yer alır. Yoncalı, Eynal, Gediz, Murat Dağı və Ilıca bölgələrindəki termal mərkəzlərdə minerallarla zəngin isti su mənbələri mövcuddur. Bu sular romatizmadan dəri xəstəliklərinə, əzələ ağrılarından stressə qədər müxtəlif sağlamlıq problemlərinə qarşı müsbət təsir göstərir. Termal otellər yüksək səviyyəli xidmətləri ilə sağlamlıq turizminə böyük töhfə verir.

Kütahya yalnız tarixlə deyil, təbiəti ilə də valehedicidir. Murat Dağı Milli Parkı, Domaniç meşələri, Şaphane Dağları və Çavdarhisar yaylası – yürüş yolları, kamp zonaları, dağ velosipedi və quş müşahidəsi imkanları ilə əsl təbiət sevərlərin cənnətidir. Yedigöller, Enne Gölü, Kayaboğazı Barajı isə sakitlik və mənzərə axtaran turistlərin ideal istirahət məkanlarıdır.

Kütahya mətbəxi də Anadolu ləzzətlərini özündə birləşdirən zəngin təamlarla tanınır. Haşhaşlı çörek, Simit tiridi, Kütahya güveci, Tarhana şorbası, Tutmaç, və müxtəlif növ paxlava və şərbətli şirniyyatlar turistlərin damaq zövqünə xitab edir.

Kütahya – qədim mədəniyyətlərin izlərini daşıyan, təbiətin hər rəngini yaşadan, sənəti, tarixi və müalicəvi resursları ilə zəngin turizm cənnətidir. Bu şəhər yalnız keçmişi ilə deyil, eyni zamanda gələcəyin turizm ulduzu olmaq potensialı ilə də seçilir. Türkiyənin klassik turizm xəritəsinin kənarında qalsa da, Kütahya hər addımı ilə “kəşf edilməyə dəyər” deyir.

Əgər fərqli və zəngin bir tətil axtarırsınızsa, yolunuzu Anadolu içində gizlənmiş bu incə mədəniyyət və təbiət diyarına salın. Kütahya sizi səssizcə, lakin bütün qüruru ilə gözləyir.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki