Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT), əvvəlcə Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) adı ilə 2009-cu ildə hökumətlərarası təşkilat olaraq təsis edilmişdir. Təşkilatın əsas məqsədi Türk dövlətləri arasında hərtərəfli əməkdaşlığı təşviq etməkdir. Təsisçi üzv dövlətlər – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə – olmuş, daha sonra 2019-cu ilin oktyabrında Bakıda keçirilən 7-ci Zirvə görüşündə Özbəkistan tamhüquqlu üzv kimi qoşulmuşdur. Macarıstan 2018-ci ilin sentyabrında Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilmiş 6-cı Zirvə görüşündə müşahidəçi statusu qazanmışdır. 2021-ci ilin noyabrında keçirilən 8-ci Zirvə toplantısında Türkmənistan, 2022-ci ilin noyabrında Şimali Kipr Türk Cümhuriyyəti və 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Təşkilata Müşahidəçi Üzv kimi qoşulmuşdur.
Təşkilat Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də beynəlxalq hüququn suveren bərabərlik, ərazi bütövlüyü, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı və beynəlxalq sülh və təhlükəsizliyin qorunması, mehriban qonşuluq və dostluq münasibətlərinin inkişafı kimi ümumbəşəri tanınmış prinsiplərinə sadiqdir.
12-ci Zirvə Görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.”
TDT-nın fəaliyyətinə Azərbaycan hər zaman böyük dəstək göstərir. Növbəti dəfə ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür.
Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.
Prezident İlham Əliyev Təşkilatın daha samərəli işləməsi məqsədilə çıxışında bir sıra təkliflər irəli sürmüşdür. “Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir” söyləyən İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə hərbi və hərbi-texniki sahədə əməkdaşlığın çox önəmli amillərdən biri olduğunu bildirərək ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini, həmçinin 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini nəzərə alaraq 1926-cı ildə birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etmişdir.
2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi və 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmasını, ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyin bərpa olunmasını böyük tarixi nailiyyət adlandıran İlham Əliyev bildirmişdir ki, “Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.”
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında “İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək” fikrini bəyan edərək bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri Zəngəzur dəhlizinin açılmasını həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürünü bildirib: “Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.”
Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü, qəbul edilmiş Zirvə Görüşünün Bəyannaməsi Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir.
Həmidə Ələfsərova, Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayonunun ictimai fəalı