Qlobal hərbi pilotsuz uçuş aparatı (PUA) bazarında dramatik bir dəyişiklik yaşanır. ABŞ mərkəzli Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (Center for a New American Security – CNAS) son hesabatına görə, Türkiyə silahlı PUA və pilotsuz uçuş aparatlarının tədarükündə dünya üzrə ən böyük paya sahib ölkə olaraq zirvəyə yüksəlib. Bu yüksəliş ABŞ və İsrail kimi əvvəlki liderləri geridə qoyaraq PUA-ların qlobal yayılmasında yeni bir dövrün başlanğıcı olub.
Bu ayın əvvəlində yayınlanan CNAS hesabatına əsasən, 2018-ci ildən bəri Türkiyə, Çin və ABŞ 40 fərqli ölkəyə ümumilikdə 69 silahlı PUA satışı həyata keçirib. Bu satışların 65%-i Türkiyəyə məxsus olduğu halda, Çin 26%-lik pay alıb, ABŞ isə yalnız 8%-lə geridə qalıb.
Türkiyənin Liderliyinin Səbəbləri
Mütəxəssislərə görə, Türkiyənin PUA bazarında lider mövqeyə yüksəlməsinin əsas səbəbi rəsmi Ankaranın yerli müdafiə sənayesinə verdiyi önəmdir.
“Türkiyənin inkişaf etmiş PUA-lar istehsal etmə uğuru xüsusilə ABŞ və İsrail kimi ənənəvi müttəfiqlərinin texnologiya transferini məhdudlaşdırdığı və ya satışları rədd etdiyi kritik dövrlərdə müdafiə sənayesinin xarici texnologiyalara çıxışla bağlı maneələri aradan qaldırma səylərinin birbaşa nəticəsidir” – deyə Hasan Kalyoncu Universitetinin Siyasi Elmlər Bölməsinin müəllimi dosent Murad Aslan bildirir.
Aslanın sözlərinə görə, PUA-lar ilk dəfə istahsal edildiyi vaxtlar əsasən kəşfiyyat, müşahidə və atəş dəstəyi tapşırıqlarında istifadə olunan sadə sistemlər idi. “Lakin zaman keçdikcə PUA-lar müxtəlif yükləri daşıya bilən mürəkkəb platformalara çevrildi və bu, müasir müharibələrdə onların rolunu əhəmiyyətli dərəcədə genişləndirdi” – deyə o əlavə edir.
Müdafiə sənayesinin rolu
Türkiyənin qlobal PUA bazarındakı liderliyi “Baykar”, “Roketsan” və “Aselsan” kimi müdafiə şirkətlərinin uğurlarına əsaslanır. “Baykar” tərəfindən istehsal edilən “Bayraktar TB2” PUA-sı xüsusilə Azərbaycan ilə Ermənistan arasındakı Qarabağ müharibəsində istifadə edilərək Türkiyənin PUA texnologiyasındakı uğurunu simvolizə edən bir məhsula çevrildi. “Bayraktar TB2” ilə yanaşı “Baykar” tərəfindən inkişaf etdirilən “Akıncı” PUA-sı daha mürəkkəb və yüksək irtifa imkanlarına malikdir və Türkiyənin qabaqcıl texnologiyaya sahib PUA istehsalçısı kimi statusunu daha da möhkəmləndirən bir vasitədir.
Məqsədə aparan çətin yollar
Türkiyənin liderliyə yüksəlişi asan olmadı. Ölkə ilk mərhələlərdə komponent tədarükündə çətinliklərlə üzləşdi və nəticədə öz sistemlərini istehsal etməyə qərar verdi. Murad Aslan Türkiyənin PUA inkişaf etdirmə prosesində bir sıra əhəmiyyətli maneələrlə qarşılaşdığını bildirir. “1990-cı illərdə Türkiyə İsrail istehsalı olan “Heron” PUA-sını almaq istədikdə əməliyyat məhdudiyyətləri mövcud idi. Məsələn, sistemləri türk operatorları deyil, İsrail personalı idarə etməli idi” – deyə o qeyd edir. Bu asılılıq və xarici PUA-lardan real vaxt rejimində kəşfiyyat məlumatı almaqla bağlı gecikmələr Türkiyəni öz istehsal proqramını başlatmağa sövq etdi.
“Roketsan” və “Aselsan” kimi müdafiə sənayesinin aparıcı şirkətləri də bu prosesdə Türkiyənin yüksəlişinə töhfə verdilər. “Roketsan” raket sistemləri və PUA-lar üçün silah inteqrasiyası sahəsində ixtisaslaşarkən “Aselsan” PUA imkanlarını artıran qabaqcıl avionika, rabitə və radioelektron mübarizə sistemləri üzərində çalışır.
2022-ci ildə altı ölkə ilk dəfə PUA bazarına daxil oldu və onların hamısı “Baykar”ın “Bayraktar TB2” modelini seçdi. Bu isə Türkiyənin qlobal bazardakı dominantlığını daha da möhkəmləndirdi.
Öz gücü ilə irəliləmək
Türkiyənin PUA istehsalında əhəmiyyətli bir addımı yerli texniki və istehsal potensialını artırmaq oldu. Murad Aslan Türkiyənin tədarüklə bağlı kritik problemləri həll etmək üçün komponentləri şaxələndirdiyini və ya yerli istehsala yönəldiyini bildirir. “Türkiyə mühüm hissələrin tədarükündə embarqolarla üzləşməsinə baxmayaraq istehsalda böyük bir təkan yaratmağı bacardı. Xüsusilə, xarici sistemlərə asılılığın milli təhlükəsizliyi təmin edə bilməyəcəyini anladıqdan sonra böyük bir irəliləyiş əldə etdi”, – deyə o vurğulayır.
ANKA kimi unikal dizayn və qabiliyyətlərə malik PUA-ların inkişaf etdirilməsi Türkiyənin müdafiə sənayesi üçün böyük bir dönüş nöqtəsi oldu. 2021-ci ildə Türkiyə Çini geridə qoyaraq PUA ixracını əhəmiyyətli dərəcədə artırdı. “Baykar” 2000-ci illərin əvvəllərindən bəri istehsal etdiyi PUA-ların 83%-ni ixrac edib və 2022-ci ildə 1,8 milyard dollarlıq ixrac həyata keçirib.
CNAS hesabatında bildirilir ki, ABŞ və İsrailin PUA bazarındakı üstünlüyü “artıq başa çatıb” və Türkiyə, Çin və İran tərəfindən istehsal edilən daha münasib qiymətə malik alternativlər bazarı ələ keçirib. Bu tendensiya silahlı PUA-ların qlobal miqyasda yayılmasını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, Türkiyəni bu sahədə ön plana çıxarıb.
Türkiyənin “Baykar”, “Roketsan” və “Aselsan” kimi şirkətlər vasitəsilə hərbi PUA istehsalında lider ölkəyə çevrilməsi qlobal hərbi güc balansında daha geniş dəyişikliklərin bir əksidir. “Bayraktar TB2” və “Akıncı” kimi sərfəli və qabaqcıl texnologiyaya malik PUA-lar müasir müharibələri yenidən formalaşdırır və Türkiyəni bu kritik müdafiə sektorunda mərkəzi oyunçuya çevirir.
Hasan Kalyoncu Universitetindən Murad Aslan silahlı PUA istehsalının yalnız platformadan ibarət olmadığını, həmçinin platformada istifadə edilən sursat və idarəetmə sistemlərinin də mühüm rol oynadığını vurğulayır: “ “Roketsan” inkişaf etmiş sursatlar istehsal edərək mühüm rol oynadı. “Aselsan” isə elektrik-elektronika sahəsində dəstək verdi. “Havelsan” isə tələb olunan proqram təminatlarını inkişaf etdirdi. Bu dövlət müdafiə şirkətləri PUA modellərinin inkişafında əsas rol oynadı. Yerli sursat istehsalı olmasa idi Türkiyə hələ də xarici tədarükçülərə asılı olardı”.
Vətəninfo.az