Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Eurofighter Typhoon” qırıcılarının Türkiyəyə satışı ilə bağlı danışıqların müsbət nəticə verəcəyinə əminliyini ifadə edib.
“Biz Eurofighter Typhoon qırıcılarının Türkiyəyə potensial ixracı ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etməyə davam edirik və əminik ki, dörd Eurofighter tərəfdaşı da bu satışı dəstəkləyəcək. Türkiyənin “Tayfun” qırıcılarından istifadə etməsi NATO-nun əsas müttəfiqləri arasında onilliklər ərzində formalaşmış dostluq əlaqələrini daha da gücləndirəcək”, – Lemi Türkiyəyə səfəri öncəsi Türkiyənin “Hürriyyət” qəzetinə müsahibəsində deyib.
Vətəninfo.az xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri həmçinin NATO müttəfiqi Türkiyəyə “Avropa təhlükəsizliyinin qorunmasına verdiyi töhfəyə” görə təşəkkür edib.
Eurofighter Typhoon dördüncü nəsil çoxməqsədli qırıcıları hazırda Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Avstriya, Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Qətər hava qüvvələri tərəfindən idarə olunur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Ankaranın döyüş təyyarələrinin alınması üçün Böyük Britaniya və Almaniya da daxil olmaqla danışıqları davam etdirdiyini açıqlamışdı. O, bu danışıqların uğurla başa çatacağına ümid etdiyini bildirib.