Türkiyə dünyanın telekommunikasiya peykləri hazırlayan 11-ci ölkəsi oldu. Vətəninfo.az xəbər verir ki, bu məlumatı Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır “Türksat 6A” peykinin Ankaradan Floridaya göndərilməsini şərh edərkən verib.
“Türksat 6A” peykini Türkiyədə indiyə qədər inkişaf etdirilən ən yüksək texnologiyalı məhsul adlandıran nazir deyib: “Peykin hazırlanmasında yalnız türk alimləri və mühəndisləri iştirak edib. Yerli peyklər milli təhlükəsizlik üçün vacib amildir. Türkiyə Milli Kosmik Proqramında qeyd olunan bütün məqsədlərdə müvəffəqiyyət qazanacağına əmindir”.
“Türksat 6A” peykinin ABŞ-ın Florida ştatının Kanaveral burnundan “SpaceX” raketdaşıyıcısı ilə iyul ayında buraxılması planlaşdırılır. Yeni peykin əhatə dairəsi 5 milyard əhalisi olan onlarla ölkəni əhatə edəcək.
Bu gün Yerin orbitində Türkiyənin beş telekommunikasiya peyki fəaliyyət göstərir: “Türksat 3A”, “Türksat 4A”, “Türksat 4B”, “Türksat 5A” və “Türksat 5B”.
Qeyd edək ki, Türkiyə hökuməti ölkəni peyk texnologiyaları ixracatçısına çevirməyi hədəfləyir.