Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər Qətərlə birgə hərbi təlimlərlə regional təhlükəsizliyə töhfə verməyi düşündüklərini bildirib.
Vətəninfo.az xəbər verir ki, Qətərdə olan türkiyəli nazir Qətərdəki Türkiyə Hava Bazasına baş çəkərək Mehmetçiklərlə görüşüb. Buradakı çıxışında Y.Gülər dost və qardaş ölkə Qətərdə olmaqdan və rəsmi səfəri çərçivəsində türk komandanlığını ziyarət etməkdən məmnunluğunu ifadə edərək deyib: “Dünyada kritik hadisələr baş verir. Artan risk və təhdidlər üzündən təhlükəsizlik mühiti sürətlə və davamlı olaraq dəyişir. Həssas dövrdən keçirik. Dost ölkə Qətəri bu baxımdan da dəstəkləyir, əməkdaşlıq və dostluq əlaqələrini inkişaf etdiririk.
Köklü tarixə malik Türkiyə ilə Qətər arasındakı əlaqələr əla səviyyədədir və gündən-günə güclənir ki, bu da beynəlxalq və regional məsələlərdə paylaşdığımız ortaq perspektiv əməkdaşlığımızı daha da inkişaf etdirməyə imkan verir.
Türkiyə Hava Qüvvələrinin Qətərdə olması ilə Qətər Hərbi Hava Qüvvələrinin müdafiə qabiliyyəti və imkanlarını dəstəkləməyi, birgə təlimlərlə regional təhlükəsizliyə töhfə verməyi, Türkiyə və Qətər Hava Qüvvələri arasında qarşılıqlı əlaqəni artırmağı planlaşdırırıq”.