Türkiyə Suriya ordusunun şəxsi heyətinin təliminə başlayıb və Dəməşq tələb edərsə, həmçinin kəşfiyyat, hücum dronları və artilleriya ilə yardım etməyə hazırdır.
Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti Ankaradakı təhlükəsizlik strukturlarındakı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, dövlətlərarası müqavilələr əsasında Suriya hərbçilərinin təliminə başlanılıb və bu, həmçinin xüsusi təyinatlıların və quru qoşunlarının bacarıqlarının təkmilləşdirilməsini nəzərdə tutur.
Bundan əlavə, Türkiyə hərbi müşavirləri də Suriyada çalışacaq.
“Türkiyə Suriyada əvvəllər Somali və Liviyada uğurla tətbiq etdiyi modeli həyata keçirməyi, yəni, bu ölkənin ərazisində hərbi məktəb və kiçik zabitlər üçün təlim kursları açmağı planlaşdırır”, – deyə “Yeni Şafak” qəzeti daha sonra qeyd edir.
Ankaradakı mənbələr də Suriya hökumətinin ölkənin birliyini və bütövlüyünü təmin etmək üçün atacağı addımları dəstəkləyəcəyini istisna etməyib.