Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın şimalında separatçı terror təşkilatının istifadə etdiyi neft quyusu və anbarı ilə aralarında qondarma məsul terrorçuların da olduğu 30 hədəfin məhv edildiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada PKK/YPG və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, Suriyanın şimalında xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə özünümüdafiə qaydalarına uyğun olaraq Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan hüquqlar çərçivəsində Suriyanın şimalında oktyabrın 5-i yerli vaxtla saat 23:00-da ölkənin şimalındakı Tel Rifat, Cizirə və Derik bölgələrində terrorçu hədəflərə qarşı hava əməliyyatları keçirildiyi qeyd olunub.
Açıqlamada o da vurğulanıb ki, hava əməliyyatları ilə separatçı terror təşkilatının istifadə etdiyi neft quyuları və neft anbarları ilə yanaşı sözdə məsul səviyyədə terrorçuların olduğu düşünülən mağaralar, bunkerlər, sığınacaqlar və anbarlar da daxil olmaqla 30 hədəf məhv edilib. Həyata keçirilən əməliyyatlarda maksimum səviyyədə yerli və milli sursatdan istifadə etməklə çoxlu sayda terrorçu zərərsizləşdirilib.
Nəcib millətimizin qəlbindən çıxan Türkiyə Silahlı Qüvvələri keçmişdə olduğu kimi, indi də bir nəfər də olsun terrorçu qalmayana qədər ölkəmizin və millətimizin yaşaması və təhlükəsizliyi üçün terrora qarşı mübarizəni əzm və qətiyyətlə davam etdirəcək.
Bu əməliyyat zamanı günahsız mülki insanların, dost ünsürlərin, tarixi-mədəni sərvətlərin və ətraf mühitin zərər görməməsi üçün bütün tədbirlər görülüb.


























