Türkiyə yaxın həftələrdə Suriyaya elektrik enerjisi ixracını 281 meqavattdan 360 meqavata qədər artırmağı planlaşdırır. Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin energetika naziri Alparslan Bayraktar yerli mətbuata açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Ankara növbəti aylar ərzində elektrik enerjisi ixracını 500 meqavat artırmağı, gələn ilin ilk rübündə isə Suriyaya birbaşa 900 meqavatadək enerji ixrac etməyi qarşıya məqsəd qoyub. Bu, Birəcikdən keçən yüksək gərginlikli ötürücü xəttin buraxılış qabiliyyətinin artırılması hesabına mümkün olacaq.
Azərbaycan qazı ilə Suriya elektrik istehsalını genişləndirir
Nazir Bayraktar həmçinin Azərbaycan qazının Suriyaya gündəlik 3,4 milyon kubmetr həcmində tədarük edildiyini, bu göstəricinin isə yaxın vaxtlarda 6 milyon kubmetrə çatdırılmasının planlaşdırıldığını qeyd edib.
Bu artım nəticəsində Hələb və Homs şəhərlərində elektrik enerjisi istehsalı 1.200 meqavata qədər yüksələcək və təxminən 5 milyon ev təsərrüfatı enerji ilə təmin olunacaq.
Qeyd edək ki, Azərbaycan qazının Suriyaya nəqli 2 avqust 2025-ci il tarixində başlayıb. Qaz Türkiyənin Kiliç şəhəri vasitəsilə sərhədi keçərək Suriyanın Hələb və Homs bölgələrindəki elektrik stansiyalarına çatdırılır və orada elektrik enerjisi istehsalı üçün istifadə olunur.
Bayraktar həmçinin Suriyanın neft infrastrukturunun modernləşdirilməsinin vacibliyini də vurğulayıb. Bu, ölkədə enerji istehsalının dayanıqlılığı və effektivliyinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.