Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “İsrail hökumətinin atəşkəsi pozmasına və istismar etməsinə icazə verilməməlidir. Beynəlxalq ictimaiyyət 50 min övladını qurban verən Qəzza xalqına qarşı bu hüquqi və mənəvi məsuliyyətini yerinə yetirməlidir”.
Rəcəb tayyib Ərdoğan paytaxt Ankarada rəsmi səfərdə olan Monqolustan Prezidenti Xurelsux Uxna ilə keçirdiyi təkbətək və heyətlər arasında baş tutan görüşlərdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.
Ərdoğan Monqolustandan Türkiyəyə 21 ildən sonra dövlət başçısı səviyyəsində səfər həyata keçirdiyi üçün Xurelsux Uxnaya təşəkkür edib
Səfər zamanı həmkarını hökumət üzvləri, millət vəkilləri, yüksək səviyyəli bürokratlar, iş adamları, sənət adamları və mətbuat mənsublarından ibarət böyük bir nümayəndə heyətinin müşayiət etdiyini qeyd edən Ərdoğan gələcəkdə Monqolustana səfər etmək arzusunda olduğunu bildirib.
Prezident Ərdoğan bildirib ki, görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, Suriya, Fələstin və Ukrayna kimi aktual regional və qlobal hadisələr müzakirə olunub.
Fələstinin müqavimət hərəkatı ”Həmas” ilə İsrail arasında ötən gün əldə olunan atəşkəs razılaşmasına toxunan Ərdoğan deyib: “Ümid edirəm ki, razılaşma bütün fələstinli qardaşlarımız, xüsusilə də 467 gündür İsrailin zülmünə qarşı müqavimət göstərən Qəzza xalqı üçün faydalı olacaq. Razılaşmaya töhfə verən vasitəçi ölkələrə, xüsusilə Qətər və Misirə təşəkkür edirik. Başda qadın və uşaq olmaqla 50 mindən çox şəhid verən Qəzza təslim olmadı. Qəzza xalqı zalım qarşısında boyun əymədi. İndi bizi çox əhəmiyyətli vəzifələr gözləyir. İsrailin Qəzzada törətdiyi böyük dağıntılar aradan qaldırılmalı və bölgəyə humanitar yardım fasiləsiz çatdırılmalıdır.”
Razılaşmaya baxmayaraq İsrailin hücumlarını və qətliamlarını avam etdirməsinin narahatlıq doğurduğunu ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib: “1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan, coğrafi cəhətdən inteqrasiya olunmuş, müstəqil və suveren Fələstin dövlətinin qurulması üçün sülh danışıqları tezliklə başlamalıdır”.