Türkiyənin Afyonkarahisar vilayətinin Sinanpaşa rayonunda yerləşən Tazlar kəndində təxminən 100 ildir siqaret çəkilmir.
Vətəninfo.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, kənddə bu ənənənin əsası 1928-ci ildə qoyulub. Kənd ağsaqqalı Əhməd Ağa həmin dövrdə sakinləri siqaretdən imtina etməyə çağırıb və kəndlilər tütün məhsullarından istifadə etməmək barədə kollektiv şəkildə and içiblər.
Təxminən 2 min nəfərin yaşadığı Tazlarda siqaret çəkmək nəsillər boyu formalaşmış sosial norma kimi qəbul edilmir. Kənd sakinləri bildirirlər ki, uşaqlar siqaret çəkən insanları görmədən böyüdükləri üçün bu vərdiş onlar üçün heç vaxt gündəlik həyatın bir hissəsinə çevrilməyib.
Kəndin 66 yaşlı sakini Mehmet Aydoğmuşun sözlərinə görə, siqaret çəkməmək Tazlarda sonradan qəbul edilən qayda deyil, uşaqlıqdan formalaşan həyat tərzidir.
“Ətrafımızda siqaret çəkən insanlar olmadan böyüdük. Siqaret çəkməmək həyatımızın sonrakı dövründə verdiyimiz qərar deyildi. Bu, həyatımızın və mədəniyyətimizin bir hissəsinə çevrilmişdi”, – Aydoğmuş deyib.
Kənd sakinləri ənənənin qorunmasında ailə və qonşuluq münasibətlərinin də mühüm rol oynadığını bildirirlər. Burada insanlar bir-birini yaxından tanıdıqları üçün gənclərin zərərli vərdişlərə yönəlməsinə qarşı kollektiv münasibət formalaşıb.
29 yaşlı Murad Karasöğüt isə başqa şəhərlərə getdikdə siqaret çəkən insanları görməyin onun üçün qeyri-adi olduğunu deyib.
“Çöldə siqaret çəkən birini görəndə bəzən ‘bizim kənddə belə bir şey yoxdur’ deyə düşünürük”, – o bildirib.
Bununla belə, kəndin gənclərinin böyük hissəsinin təhsil və iş imkanları üçün İstanbul və Bursa kimi şəhərlərə köçməsi ənənənin gələcəyi ilə bağlı suallar yaradıb.
Kənd sakinləri hesab edirlər ki, təxminən bir əsrdir qorunan bu həyat tərzinin davam etdirilməsi gənc nəslin seçimindən asılı olacaq.


























