Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda 11 mərtəbəli oteldə baş verən yanğında ölənlərin sayı 76 nəfərə çatıb.
Vətəninfo.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya təbii fəlakətə görə məsuliyyət daşıyanların hamısının məsuliyyətə cəlb ediləcəyinə söz verib.
Öz növbəsində Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu yaralılardan ən azı birinin vəziyyətinin ağır olduğunu, 17 yaralının isə xəstəxanalardan buraxıldığını açıqlayıb.
Bolu bələdiyyəsindən verilən açıqlamada yanğının yerli vaxtla saat 03:30 radələrində otelin dördüncü mərtəbəsində başladığı bildirilib.
Otelin uçurumun üstündə yerləşməsi yanğını söndürməyə çalışan yanğınsöndürənlər üçün xeyli çətinlik yaradıb. 10 saat davam edən yanğınsöndürmə əməliyyatına baxmayaraq, onlarla insanın həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı Bolu valisi Əbdüləziz Aydının sözlərinə görə, oteldə 234 qonaq olub.
“Anadolu”nun məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir günlük milli matəm elan edib. 22 yanvar 2025-ci ildə Türkiyə və xarici nümayəndəliklərin bayraqları endiriləcək.