Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Ölkəmizin dünyada qürur mənbəyi olan müdafiə sənayesində əldə etdiyi nailiyyətləri qətiyyətlə davam etdirəcəyik” dedi.
Vətəninfo.az xəbər verir ki, oktyabrın 28-də paytaxt Ankarada Prezident İqamətgahında Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən R.T.Ərdoğan bildirib: “Tatarıstanın paytaxtı Kazan şəhərinə endikdən dərhal sonra TAİ-nin Kahramankazan şəhərciyində törədilən xain terror aktında 5 ölkə oğlunun şəhid olması xəbərini aldıq. Hücumun vaxtı və hədəfi təsadüfən seçilməyib. Görünür, qanla qidalanan terror baronları bölgəmizdə yeni ağalar, özlərinə qulluq etmək üçün yeni sahiblər axtarırlar.
Türkiyə Cümhuriyyəti olaraq biz onların ötürmək niyyətində olduqları mesajları əzilib zibilliyə atdıq. TAİ-yə hücumdan sonra terror təşkilatına aid 470-dən çox məntəqə hədəf alındı, 213 terrorçu zərərsizləşdirildi.
Terrordan, qanlı qatillərdən, manqurtlardan və onlardan istifadə edən patronlarından alacağımız heç bir mesaj olmayacaq. Türkiyənin siyasətini terror baronları dizayn edə bilməyəcək. 85 milyon arasında nifaq divarları çəkə bilməyəcəklər. Ölkəmizi yolundan döndərə bilməyəcəklər.
Türkiyə dünyanın qürur mənbəyi olan müdafiə sənayesində əldə etdiyi nailiyyətləri qətiyyətlə davam etdirəcək.
İqtisadiyyatımız əsas göstəricilərində yaxşılaşma qazanıb.
Türkiyənin maraqları haradadırsa, oraya gedirik. Ölkəmizin tələb etdiyi istiqamətdə əməkdaşlığı inkişaf etdiririk. Xarici siyasətimizin əsas dayağı Türkiyə oxudur.
İlk dəfə 2018-ci ildə keçirilən “SAHA EXPO 2024”də müdafiə sənayemizin qürurverici məhsullarını şəxsən görmək fürsəti qazandım. Sərgiyə 150 mindən çox adam gəlib. “SAHA EXPO” 300-dən çox nümayəndə heyəti, 150-dən çox alıcı heyəti, 120-dən çox ölkədən yüksək rütbəli və 1400-dən çox şirkətin iştirakı ilə müdafiə sektorunda özünü bir daha göstərdi. Ölkəmizin dünyada qürur mənbəyi olan müdafiə sənayesində əldə etdiyi nailiyyətləri qətiyyətlə davam etdirəcəyik”.