image-reklam-veteninfo
image-1backend

Ukrayna Azərbaycanlı iş adamına məxsus zavodu vurdu- FOTO

image-reklam-veteninfo

Ukrayna pilotsuz uçuş aparatları (PUA) artıq ikinci gecədir ki, Volqoqrad şəhərinə hücumlar təşkil edir. Avqustun 14-nə keçən gecə “Lukoyl-Volqoqradneftepererabotka” neft emalı zavodunun ərazisində partlayışlar baş verib, ardınca isə güclü yanğınlar müşahidə olunub.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bu hücumları “kütləvi” adlandırıb və bildirib ki, “Volqoqrad vilayətindəki neft emalı zavoduna edilən hücum nəticəsində PUA-nın qalıqlarının düşməsi yanğına və neft məhsullarının sızmasına səbəb olub. Yanğınsöndürmə xidmətləri operativ şəkildə alovun qarşısını almağa başlayıblar. İlkin məlumata əsasən, insan tələfatı qeydə alınmayıb.”

Hücum nəticəsində Rosaviatsiya yerli hava limanının fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Rusiyanın Telegram platformasında fəaliyyət göstərən “Baza” xəbər kanalı məlumat verib ki, zavodun yerləşdiyi Krasnoarmeyski rayonunda yerli sakinlər bir neçə pilotsuz təyyarə və partlayış səsləri eşidiblər.

Qeyd edək ki, bu zavod artıq bir neçə dəfə Ukrayna PUA-larının hücumuna məruz qalıb. Xüsusilə, avqustun 13-nə keçən gecə də yerli sakinlər zavodun yerləşdiyi əraziyə hücum edildiyini bildirmişdilər. Bundan əvvəl, yanvarın 31-də və fevralın 3-də də zavod PUA-ların hədəfi olub. KİV-in məlumatına görə, həmin hücumlardan sonra zavod müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı.

Azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus “Lukoyl-Volqoqradneftepererabotka” zavodu Rusiya Federasiyasının Cənub Federal Dairəsində illik 14,8 milyon ton istehsal gücü ilə ən böyük neft məhsulları istehsalçılarından biridir.

Bundan əlavə, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da Ukrayna Silahlı Qüvvələrinin vilayət hökumətinin binasına hücum etdiyini bildirib. O, qısa videomüraciətində “Onlar regional hökumət binasını vurdular. Kiçik ziyan var” deyib. Daha sonra paylaşdığı fotoda binanın divarında kiçik bir zədələnmə göstərilərək, hücumun PUA tərəfindən edildiyi və heç kimin xəsarət almadığı qeyd olunub.

Rusiya Müdafiə Nazirliyi isə avqustun 13-ü Moskva vaxtı ilə saat 20:00-dan avqustun 14-ü səhər saat 07:00-dək olan müddət ərzində hava hücumundan müdafiə qüvvələrinin Qara dəniz üzərində 14 ədəd təyyarə tipli PUA-nı ələ keçirib və məhv etdiyini açıqlayıb. Məlumata görə, Volqoqrad vilayətində 9, ilhaq olunmuş Krım və Rostov vilayətləri üzərində 7, Krasnodar vilayətində 4, Belqorod vilayətində 2 və Azov dənizi üzərində 1 PUA vurulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki