Mineral ehtiyatlar üzrə ABŞ-Ukrayna sazişi hazırdır və Ukrayna hökuməti tərəfindən təsdiqlənib. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skot Besant “Fox News” telekanalında bildirib .
“Müqavilə tam hazırlanıb, kağız üzərində yazılıb, Ukrayna hökuməti tərəfindən təsdiqlənib, iki dövlətin liderlərinin imzalaması qalır”, – nazir deyib.
O, sənəddə “strateji faydalı qazıntılar, qaz, neft, infrastruktur aktivləri”nin yer aldığını və bunun hər iki ölkə xalqının xeyrinə olduğunu təfərrüatlandırıb.
Fevralın 27-də ABŞ prezidenti Donald Tramp da Ukraynanın mineral ehtiyatlarının istismarına dair razılaşmanın həm Vaşinqton, həm də Kiyev üçün faydalı olduğunu bəyan edib.
Donald Tramp Vaşinqtonda Böyük Britaniyanın baş naziri Key Starmerlə birgə mətbuat konfransı zamanı deyib: “Mineral Müqaviləsi gələcəkdə ABŞ və Ukrayna arasında daha sabit münasibətlərin təməli olacaq. Bu, Ukrayna xalqına öz ölkəsini iqtisadi cəhətdən yenidən qurmağa kömək edəcək uzunmüddətli rifahı təşviq edəcək”.
Amerika lideri həmçinin xatırladıb ki, fevralın 28-də Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtona gələcək və orada Ukraynada nadir torpaq metallarının və digər təbii ehtiyatların birgə çıxarılmasına dair saziş imzalayacaq.