Çeçenistanda Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə pilotsuz uçan aparatla hücum edilib. Vətəninfo.az xəbər verir ki , bu barədə respublikanın başçısı Ramzan Kadırov məlumat verib.
“Bu gün səhər saat 06:30-da Qudermesdə pilotsuz təyyarənin hücumu nəticəsində Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin ərazisindəki boş binanın damı yanıb”, – TASS Kadırovun sosial şəbəkədəki paylaşımından sitat gətirib. .
Çeçenistan rəhbəri bildirib ki, xəsarət alan olmayıb. Yanğın söndürülüb.
Kadırovun sözlərinə görə, müstəntiqlər araşdırma aparır, araşdırma zamanı cinayətdə iştirak edən şəxslər müəyyən ediləcək.
“Universitetin fəaliyyəti dayandırılmayıb, bütün xidmətlər adi qaydada işləyir”, – Kadırov əlavə edib.
TASS-ın məlumatına görə, Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti Qudermesdə yerləşir və 95 bina və tikilidən ibarət, ən son xüsusi informasiya texnologiyaları həlləri ilə təchiz edilmiş çoxfunksiyalı kompleksdir. Universitet atəş, xüsusi taktika, hava-desant, dağ hazırlığı, eləcə də cangüdənlərin və hərbi jurnalistlərin hazırlanması kimi sahələri əhatə edir.
Rusiyanın Ukraynada hərbi əməliyyatları başlayandan bəri universitet bazasında hərbi əməliyyatlar zonasına getmək üçün 19 mindən çox könüllü təlim keçib.