image-reklam-veteninfo
image-1backend

Ukrayna dronlarla “Lukoil”-un əsas neft anbarını VURDU

image-reklam-veteninfo

Bu gecə Rusiyanın bir neçə bölgəsi genişmiqyaslı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində xüsusilə Smolensk və Leninqrad vilayətlərində ciddi narahatlıq yaşanıb.

Vətəninfo.az xəbər verir ki, Leninqrad vilayətində Rusiya hava hücumundan müdafiə sistemləri bu günə qədər qeydə alınan ən kütləvi dron hücumlarından birini dəf etməyə çalışıb. Sankt-Peterburqun cənubunda yerləşən Tosno şəhəri və ərazidəki böyük dəmir yolu qovşağı da hücum hədəflərindən biri olub.

Sankt-Peterburqda yerləşən Pulkovo hava limanında təhlükəsizlik tədbirləri çərçivəsində “Xalça” planı işə salınıb. Nəticədə 36 uçuş və 12 gəliş reysi təxirə salınıb. Yaroslavl, Kaluqa, İvanovo və Pskov hava limanlarının da fəaliyyətinin dayandırıldığı bildirilib.

Moskva meri Sergey Sobyanin isə səhər saatlarında şəhərə yaxınlaşan beş pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.

Telegram kanallarında yayılan görüntülərdə Smolensk vilayətində güclü partlayış və yanğın müşahidə olunur. Yerli sakinlərin iddiasına görə, pilotsuz təyyarələr Rusiyanın “Lukoil” neft şirkətinə məxsus obyektləri hədəfə alıb. Regionun qubernatoru Vasili Anoxin ilkin açıqlamasında tələfat və dağıntı qeydə alınmadığını bildirib.

Ukrayna pilotsuz uçuş aparatlarının hücum etdiyi digər bir obyekt isə Rusiyanın Finlandiya körfəzində yerləşən əsas neft yükləmə limanı – Primorsk olub. Hücum nəticəsində bir gəmidə yanğın baş verib. Yerli hakimiyyət yanğının tezliklə söndürüldüyünü açıqlayıb.

Rusiya monitorinq kanalları Bryansk, Smolensk, Oryol, Tula, Moskva, Leninqrad vilayətləri, Krasnodar diyarı və digər bölgələr üzərində dronların müşahidə edildiyini bildiriblər.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri son aylarda Rusiya neft infrastrukturuna qarşı dron hücumlarını intensivləşdirib. Avqustun 30-na keçən gecə də Rusiya ərazisində iki neft emalı zavoduna zərbələr endirilib.

Beynəlxalq media, o cümlədən Reuters bildirir ki, bu hücumlar Rusiyanın daxili neft emal potensialını azaldır və Moskvanı xam neft ixracını artırmağa məcbur edir ki, bu da ABŞ-ın maraqlarına uyğun hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki