image-reklam-veteninfo
image-1backend

Ukrayna hərbçiləri  “Şahed” dronlarını bu üsulla vuracaq – Zelenski

image-reklam-veteninfo

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Danimarkaya ezam olunub. Onların əsas məqsədi Avropa tərəfdaşlarına Rusiya istehsalı olan “Şahed” tipli zərbə dronlarına qarşı mübarizə aparmaq təcrübəsini paylaşmaqdır.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə paylaşım edib.

“Hərbçilərimiz Danimarkada missiyanın yerləşdirilməsinə başlayıblar. Onlar tərəfdaşlarımızla birgə keçirilən təlimlərə qatılacaq və dronlara qarşı müdafiə sahəsində Ukrayna təcrübəsini paylaşacaqlar. Bu təlimlər gələcəkdə Rusiya və digər dronlara qarşı effektiv mübarizə üçün yeni sistemin əsasını qoya bilər”, – deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, hazırda Ukraynanın bu sahədəki təcrübəsi Avropa üçün ən aktual və əhəmiyyətli nümunədir:

“Bizim mütəxəssislərimiz, texnologiyalarımız və təcrübəmiz gələcək Avropa layihəsi olan ‘Dron Divarı’ üçün əsas elementə çevrilə bilər. Bu layihə Avropa səmasında təhlükəsizliyi təmin etməyə yönəlib”, – deyə o qeyd edib.

Zelenskinin sözlərinə görə, Ukraynalı mütəxəssislərin Danimarkadakı missiyasının nəticələri gələcəkdə digər Avropa ölkələri ilə də əməkdaşlıq çərçivələrinin müəyyənləşdirilməsinə yardım edəcək.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski artıq Danimarkadakı komandanın ilk hesabatını təqdim edib. Prezident Silahlı Qüvvələrin Baş Qərargahına, Müdafiə Nazirliyinə və Təhlükəsizlik Şurasının katibinə Avropa tərəfdaşları ilə bu sahədə operativ iş aparmağı tapşırıb.

Xatırladaq ki, Danimarkada son həftələrdə bir neçə dəfə naməlum dronların hava məkanına müdaxiləsi qeydə alınıb. Bu hadisələrdən biri – 22 sentyabrda Kopenhagen hava limanının bir neçə saatlıq bağlanmasına səbəb olub. 25 sentyabr gecəsi isə daha bir neçə regional hava limanı bağlanıb.

1 oktyabr tarixində Danimarkada Aİ ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Bu görüşdə Avropa müdafiəsinin gücləndirilməsi və “Dron Divarı” layihəsinin də müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Danimarkada Ukrayna ilə birgə raket və dron istehsalı üzrə zavod da tikilməkdədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki