Ukraynada 2 kilometrdən çox hündürlükdə hava hədəflərini vura bilən Trizub adlı lazer silahı var. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistem Qüvvələrinin komandanı, polkovnik Vadim Suxarevski bildirib.
“Bu gün demək olar ki, Ukrayna, səhv etmirəmsə, dünyada lazer silahına malik beşinci ölkəyə çevrilib. Hazırda biz artıq onun köməyi ilə 2 kilometrdən çox hündürlükdə təyyarələri vura bilirik”, – deyə Suxarevski “İnterfaks-Ukrayna”dan sitat gətirib.
Polkovnik qeyd edib ki, pilotsuz sistemlərin qüvvələri bu silahların imkanlarını artırmaq və genişləndirmək üçün çalışır: “Bu, real mövcud və işləyən kompleksdir”.
Aprel ayında Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Londonun DragonFire uzaqmənzilli lazer silahının Ukraynaya yerləşdirilməsini sürətləndirməyi planlaşdırdığını açıqlamışdı.
Bundan bir qədər əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyi X sosial şəbəkəsində (keçmiş Twitter) DragonFire sınaqlarının videosunu dərc edib.