Ukrayna məşhur rus uşaq cizgi serialı “Maşa və Ayı”nın yaradıcıları və istehsalında iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq edib. Kiyev serialın Rusiyanın təbliğat kampaniyasının bir hissəsi olduğunu iddia edir.
Vətəninfo.az xəbər verir ki, ənənəvi rus xalq nağılı motivləri əsasında hazırlanan “Maşa və Ayı” nadinc qız Maşa ilə keçmiş sirk ayısının macəralarından bəhs edir. Serial dünyanın ən populyar uşaq cizgi layihələrindən biri hesab olunur. Onun “Fəlakətin resepti” adlı bölümü YouTube platformasında 4,6 milyarddan çox izlənilib.
Məlumata görə, ötən ay Netflix serialın daha iki mövsümünün yayım hüquqlarını əldə edib və əvvəlki mövsümlər, eləcə də spin-off layihələri üzrə lisenziya müqavilələrini uzadıb. Bu qərar Ukraynada tənqidə səbəb olub.
Ukrayna prezidentinin sanksiyalar məsələləri üzrə komissarı Vladislav Vlasyuk bildirib ki, yeni məhdudiyyətlər serialın istehsalı və yayımında iştirak edən beş şəxsə və dörd quruma, o cümlədən Animaccord Studio və layihənin əsas yaradıcısı Oleq Kuzovkova şamil olunub. Eyni zamanda, serialın özü və onun sosial media hesablarının Ukraynada bloklanması nəzərdə tutulub.
Vlasyukun sözlərinə görə, “Maşa və Ayı” uşaq məzmunu adı altında Rusiyapərəst narrativlər yayır və bu, Ukraynanın milli təhlükəsizliyi üçün təhdid yaradır.
Ukraynanın dövlət qurumu UNITED24 Media daha əvvəl serialın Rusiya mədəniyyətinə aid motivləri “qonaqpərvər, mülayim və universal cəlbedici” formada təqdim etdiyini bildirmişdi.
Kiyev son illərdə onlarla rusiyalı aktyor, musiqiçi, film və televiziya layihəsinə qarşı məhdudiyyətlər tətbiq edib. Ukrayna hakimiyyəti bu addımları Rusiyanın təcavüzünü və onun ideoloji narrativlərini təbliğ edən şəxslərə və layihələrə qarşı mübarizə ilə əsaslandırır.
“Maşa və Ayı”nın populyarlığı Qərbdə də müzakirələrə səbəb olub. Ötən ay 50-dən çox britaniyalı deputat hökuməti cizgi serialının Böyük Britaniyada nümayişinin qarşısını almağa çağırıb.
Moskva isə Rusiyanın mədəni irsinə qarşı tətbiq olunan məhdudiyyətləri tənqid edib. Rusiya rəsmiləri bu siyasəti “axmaq” və səmərəsiz adlandırıblar.
Rusiya Prezidenti Vladimir Putin 2023-cü ildə Rusiyanın mədəniyyətinin beynəlxalq səviyyədə təcrid edilməsinə yönəlmiş siyasətin “anti-mədəni, neokolonial və irqçi” xarakter daşıdığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə “Maşa və Ayı”nın məhz yüksək populyarlığına görə Ukrayna tərəfindən hədəfə alındığını iddia edib.


























