image-reklam-veteninfo
image-1backend

UKRAYNA NƏYƏ VƏ NECƏ QURBAN VERİLİR? – “Tramp onlara zəng edir və hədələyir…”

image-reklam-veteninfo

Artıq məlum olduğu kimi, ABŞ Senatı Ukrayna, İsrail və Tayvan üçün əlavə vəsait təmin edən və miqrasiya siyasətini gücləndirən qanun layihəsini təsdiqləməyib. Bundan öncə, Nümayəndələr Palatasının respublikaçı və “trampçı” spikeri Mayk Conson Senatdan keçəcəyi təqdirdə belə, bu layihəni səsverməyə qoymayacağını açıqlamışdı…

İndiki Prezident Co Baydenin özü və bir çox müşahidəçilər bu baş verənləri Donald Trampın hakimiyyət hərisliyinin və respublikaçı senatorlara, konqresmenlərə təzyiqinin nəticəsi kimi qələmə verirlər. Bu gün Co Bayden Ukraynaya yardımı nəzərdə tutan layihənin Senatdan keçməməsinə görə Trampı sərt şəkildə ittiham edib. O, Trampı respublikaçı senatorları hədələməkdə, onlara Ukraynaya yardımı nəzərdə tutan qanunun lehinə səs verəcəkləri təqdirdə “onlardan qisas alacağını” söyləməkdə günahlandırıb: “Donald Tramp onlara zəng edir və hədələyir”.

Bəs doğrudanmı günah yalnız Trampda, onun hakimiyyətə qayıtmaq istəyində və bunun üçün Ukraynanı qurban verməyə hazır olmasındadır? Görəsən, Bayden istəsəydi və buna iradəsi, qətiyyəti çatsaydı, nəhayət, vaxtında hərəkətə keçsəydi, indiki acınacaqlı vəziyyət yaranardımı?

Bəli, Trampın ABŞ Respublikaçılar Partiyasını öz iradəsinə tabe etdirməyi necə bacarması heyrətamizdir! Baxmayaraq ki, Tramp hazırda rəsmən heç kimdir. O, hətta prezidentliyə namizəd belə deyil. Amma o, artıq ABŞ-nin daxili və xarici siyasət gündəmini diktə edir! Bu, onun “istedad”ından çox, Baydenin fərsizliyindən və ABŞ siyasi elitasının riyakarlığından, biganəliyindən, satqınlığından irəli gəlir. Bunun nəticəsidir ki, Tramp asanlıqla ABŞ-nin strateji maraqlarını, o cümlədən Ukraynanı özünün qısamüddətli korporativ maraqlarına qurban verə bilir…

Belə təəsvvür yaranır ki, Bayden bütün günahları Trampın üzərinə atmaqla, öz maymaqlığına və bacarıqsızlığına haqq qazandırır, özünü “sığortalayır”. Hansı ki, əslində, bu baş verənlərə görə günahın və məsuliyyətin ən böyük hissəsini məhz onun özü daşıyır. Bayden “nəzarət olunan eskalasiya” oyununu həddən artıq çox oynadı, həddi-hüdudu görünməyən ehtiyatlılıq və qətiyyətsizlik nümayiş etdirdi. Onun komandası xeyli vaxtının olmasına baxmayaraq, effektiv, adekvat strategiya hazırlamadı və həyata keçirmədi. Bunun da nəticəsi olaraq, vaxtında Putin rejiminin hərbi məğlubiyyəti, Ukraynanın ərazi bütövlüyünün bərpası və təcavüzkarın təcavüzə görə cəzalandırılması baş vermədi. Nəticədə, Bayden müharibəni uzatdı və özünün Trampla qarşıdurmasında Ukraynanı girov vəziyyətinə saldı.

Məhz Bayden komandasının maymaqlığı sayəsində Konqresdə Ukraynaya yardımın qarşısının alınacağı halda işə düşməli olan “B planı” hazırlanmadı. Baxmayaraq ki, hələ bir il əvvəldən Trampın və respublikaçıların hazırda fəaliyyətdə olan çirkin ssenariyə əl atacağı gün kimi aydın idi. Bunu ABŞ-də hamı bilirdi. Yenə Bayden komandasının izahı mümkün olmayan hərəkətsizliyi sayəsində Ukraynaya təmənnasız hərbi yardıma alternativ ola biləcək “Lend-liz” qanunu tam mənada işə salınmadı və uzadılmadı. Həmçinin, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi üçün müsadirə edilməsi məsələsi, sanksiyaların sərtləşdirilməsi və artıq tətbiq edilmiş sanksiyalara nəzarətin gücləndirilməsi kimi məsələlər də həll olunmadı.

ABŞ-də əsas ciddi və populyar medianın demokratların nəzarətində olmasına baxmayaraq, Bayden administrasiyası ictimai rəyə lazımi səviyyədə təsir etmədi, onun mediada, cəmiyyətdə və siyasətdəki liderlərlə iş qura bilməməsi Baydenin özünün reytinqinə mənfi təsir etdi. Nəticədə tək öz reytinqi yox, Amerika seçicilərinin Ukraynaya dəstək səviyyəsi də ciddi zərər gördü. İndi isə həmin Bayden administrasiyası vəziyyəti düzəltmək istədiyinə dair görüntü yaratmaqla məşğuldur. Ancaq görünən odur ki, hamı vaxt uzatmaqla məşğuldur və hamı nəyisə gözləyir…

Bütün bunlar onu deməyə əsas yaradır ki, Ukrayna başda olmaqla, ABŞ-nin yeni demokratiyalara, Qərbə meyllənən dövlətlərə, cəmiyyətlərə dəstək mesajlarının arxasında rəsmi Vaşinqtonun daxili və xarici bazarlıqları, alış-verişləri durur. Bu “bazar”da isə bütöv dövlətlərin, on milyonlarla, yüz milyonlarla insanın həyatı, taleyi, gələcəyi alınıb-satılır. Azərbaycanda məşhur olan bir ifadə var – “Allah heç bazar verməsin!”“AzPolitika.info”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki