image-reklam-veteninfo
image-1backend

Ukrayna Rostov vilayətində neft və qaz terminalına zərbə endirib

image-reklam-veteninfo

Ukrayna pilotsuz uçuş aparatları noyabrın 16-na keçən gecə Rusiyanın Rostov vilayətinin Azov şəhərindəki neft və qaz infrastrukturu obyektlərini hədəfə alıb. Hücum nəticəsində bir neçə sənaye müəssisəsində yanğın baş verib, üç nəfər yaralanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib.

“Astra” nəşrinin şahidlərin çəkdiyi foto və videolar əsasında apardığı araşdırmaya görə, dronların hücum etdiyi ərazidə neft anbarı və qazpaylama stansiyası yerləşir. Zərbələrdən sonra hər iki obyektin ərazisində yanğın baş verdiyi bildirilir.

Məlumata əsasən, “Flash Energy” MMC-yə məxsus neft anbarı müxtəlif növ neft məhsullarının qəbulu, saxlanması və buraxılması üçün nəzərdə tutulub. Burada ümumi tutumu 6,5 min tondan çox olan 10 çən var. Müəssisə yanacaq və digər oxşar məhsulların ticarəti və saxlanması ilə məşğul olan “Yuq-İmpeks” MMC-yə məxsusdur.

Rusiya hakimiyyəti Azovdakı obyektlərə hücumla bağlı hələlik ətraflı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, noyabrın 15-də Rostov vilayətinin Taqanroq şəhəri də dron hücumuna məruz qalıb. Qubernator Yuri Slyusarın sözlərinə görə, hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Hücum zamanı avtomobil körpüsünə və iki elektrik yarımstansiyasına ziyan dəydiyi bildirilir.

Həmin gecə Ukrayna dronlarının Krasnodar diyarına da hücum etdiyi qeyd olunur. Regional əməliyyat qərargahının məlumatına görə, Severski rayonunda pilotsuz aparat qalıqlarının düşməsi nəticəsində, o cümlədən bir uşaq olmaqla, üç nəfər yaralanıb. İlsk qəsəbəsindəki müəssisələrdən birinin ərazisində də yanğın baş verib. Bu yaşayış məntəqəsində İlsk Neft Emalı Zavodu yerləşir.

Bundan başqa, Yaroslavl vilayətində dron hücumu səbəbindən Yaroslavldan Moskvaya gedən avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Vilayət qubernatoru Mixail Yevrayevin sözlərinə görə, gecə ərzində bölgənin hava məkanında 20 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki