image-reklam-veteninfo
image-1backend

Ukrayna Rusiyanı  “Qiyamət maşını” ilə vura bilər– Politico

image-reklam-veteninfo

Süni intellekt əsasında “Qiyamət maşını” reallığa daha da yaxınlaşır.

Vətəninfo.az xəbər verir ki, 2024-cü ildə Stenford Universitetinin Hoover Hərbi Oyunlar və Böhran Simulyasiyası təşəbbüsünün direktoru Jaklin Şnayder yeni nəsil süni intellekt modelləri ilə sınaqlar aparmağa başladı. Onun rəhbərliyi altında keçirilən “hərbi oyunlar”da strateji qərarverici rolları OpenAI, Anthropic və Meta şirkətlərinin hazırladığı beş dil modeli – GPT-3.5, GPT-4, GPT-4-Base, Claude 2 və Llama-2 Chat yerinə yetirirdi.

Bu modellər Rusiya-Ukrayna müharibəsinə və ya Çin-Tayvan qarşıdurmasına bənzər süni böhran ssenariləri qarşısında qoyuldu. Politico yazır ki, nəticələr olduqca narahatedicidir: demək olar ki, bütün modellər silahlı gücdən istifadəyə meyilli olub, vəziyyətləri qızğın müharibəyə – hətta nüvə silahının tətbiqinə qədər eskalasiya ediblər.

“Bütün modellər sanki Curtiss LeMay kimi davranır. Süni intellekt eskalasiyanı anlayır, lakin deeskalasiyanı yox. Niyə belə olduğu bizə hələ aydın deyil,” – deyə Şnayder bildirib. Xatırladaq ki, LeMay Soyuq Müharibə dövründə ABŞ Hərbi Hava Qüvvələrinin generalı idi və nüvə silahının istifadəsini dəfələrlə təklif etmişdi.

Bəzi ekspertlər qorxur ki, bir gün süni intellekt Hollivudun “Terminator” filmindəki kimi davranaraq, insanların əvəzinə nüvə zərbəsi qərarlarını özü verə bilər. Pentaqon isə bildirir ki, real həyatda bu mümkün deyil və süni intellektə belə taleyüklü qərarları verməyə heç vaxt icazə verilməyəcək.

Lakin bəzi alimlər hesab edir ki, ABŞ Müdafiə Nazirliyi artıq bu təhlükəli yola qədəm qoyub. Çin və Rusiyanı eyni vaxtda cilovlamağa çalışmaq və digər qlobal təhlükələri nəzərə alaraq, Pentaqon süni intellekt əsaslı müdafiə sistemlərini sürətlə inkişaf etdirir. Bu sistemlər tezliklə tam avtonom ola bilər – yəni insan müdaxiləsi olmadan, real vaxtda qərar verə biləcək.

Müasir müharibənin reallıqları – saniyələr içində qərar vermək tələbi, mürəkkəb dron sürülərinin idarəsi, böyük həcmdə kəşfiyyat məlumatlarının işlənməsi və Çin ilə Rusiya süni intellekt texnologiyaları ilə rəqabət – ABŞ ordusunu AI-ə daha çox güvənməyə məcbur edir. Bu güvən bir gün nüvə silahının tətbiqi kimi ən kritik qərarlara da təsir edə bilər.

Ən narahatedici məqam isə odur ki, mütəxəssislər adi silahların istifadəsi ilə bağlı qərarlarla nüvə silahı qərarları arasındakı xəttin getdikcə daha da bulanıqlaşdığını deyirlər.

Daha əvvəl xəbər verilmişdi ki, sabiq ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən görüş zamanı Rusiya ilə nüvəsizləşdirmə məsələsini müzakirə etmişdi.

Digər məlumatlara görə, ABŞ, Rusiya ilə potensial qarşıdurma zamanı nüvə silahı və ya quru qoşunları tətbiq etmədən belə üstünlük qazana bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki