Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Zaporojye şəhərində Rusiya kəşfiyyatına işləyən agentura şəbəkəsini ifşa edib. Şəbəkəyə Ukrayna Pravoslav Kilsəsinin Moskva Patriarxiyasına bağlı yerli məbədin keşişi rəhbərlik edirmiş. Onunla birlikdə daha bir şəxs də həbs olunub.
Vətəninfo.az xəbər verir ki, istintaqın məlumatına görə, keşiş dini moizələr zamanı Rusiya Federasiyasının silahlı təcavüzünü və rus hərbçilərinin hərəkətlərini açıq şəkildə müdafiə edib, eyni zamanda kilsə ziyarətçiləri arasında Rusiya yönlü şəxsləri axtararaq onları iş birliyinə cəlb etməyə çalışıb. Daha sonra o, həmin şəxsləri Rusiya xüsusi xidmət orqanlarına vervovka etməyə başlayıb.
SBU keşişin izinə artilleriya atəşi üçün Rusiya lehinə koordinat ötürən şəxsin saxlanılması zamanı düşüb. Həmin şəxs dindirmə zamanı keşişin casusluq fəaliyyətində iştirak etdiyini etiraf edib.
İstintaq müəyyən edib ki, keşiş yerli hərbi hissələrdən birində xidmət edən 41 yaşlı hərbçini də öz tərəfinə çəkib. Həmin hərbçi Rusiya hərbi kəşfiyyatına (GRU) Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində yerləşməsi, say tərkibi və silahlanması barədə, o cümlədən öz batalyonu və qonşu hissələr haqqında məlumatlar ötürüb.
Hər iki şəxs Rusiya Müdafiə Nazirliyinin 316-cı Kəşfiyyat Mərkəzinin rezidenti tərəfindən koordinasiya edilirmiş. Bu şəxs əvvəllər Zaporojyeda hüquq-mühafizə orqanlarında çalışmış, daha sonra isə işğal olunmuş ərazilərə keçərək Rusiya üçün casusluq etməyə başlamışdır.
Həbs zamanı aparılan axtarışlarda şübhəlilərdən mobil telefonlar, kompüter texnikası, Rusiya pasportu, Kalaşnikov avtomatına məxsus güllələr və soyuq silah aşkarlanıb.
Məhkəmə hər iki şəxsi zaminə buraxılma hüququ olmadan həbsdə saxlamaq qərarı verib. Onlar 15 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ilə üzləşirlər.