Vətəninfo.az-ın redaksiyasına hazırda həbsdə olan İmişli rayon icra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin vəkili Elmar Kərimov tərəfindən, sabiq icra başçısının Ulu öndər Heydər Əliyevlə bağlı məqaləsi daxil olub.
Məqaləni olduğu kimi təqdim edirik.
Müasir Azərbaycan tarixinin təxminən 40 ili məhz dahi şəxsiyyət Heydər Əliyevin adı, onun çoxşaxəli siyasi fəaliyyəti ilə bağlı olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bugünkü hüquqi, dünyəvi, unitar, demokratik Azərbaycan dövlətinin təməli qoyulub.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Belə ki, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən dahi şəxsiyyət Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ümummilli lider Heydər Əliyev Azərbaycan Prezidenti seçilib.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib.
Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb. Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında Əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə Əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında “xüsusi qonaq” statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.
Azərbaycan kimi kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.
Bu gün Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycana Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev rəhbərlik edir. Dövlət başçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Ulu Öndər Heydər Əliyevin vətənə sevgisi, şübhəsiz, hər kəsə məlumdur. O, hər çıxışında görmək istədiyi gələcək Azərbaycandan danışar və bunun üçün xüsusi tədbirlər görərdi.Çıxışlarından birini qeyd etmək istərdim. “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.” – Ulu Öndər Heydər Əliyev.
Bəli, dahi, uzaqgörən şəxsiyyət Heydər Əliyev dediyi sözlərin hər birinə əməl etdi. Onun əsas qayəsi ölkəmizin suverenliyini bərpa etmək, işğal olunmuş torpaqlarımızı azad etmək və öz yurdlarından qovulmuş vətəndaşlarımızı geri qaytarmaq idi. Təbii ki, bütün bunları reallaşdırmaq üçün güclü iradəyə, uzaqgörən siyasi bacarıqlara malik olmaq lazım idi. Məhz Heydər Əliyev belə şəxsiyyətlərdən biri idi. Onun hakimiyyətə gətirilməsi xalqımızın ən uğurlu seçimlərindən idi.
Məlumdur ki, həmin dövrdə dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə,ölkə kimi varlığımıza təhdid yaratmışdı. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün bir illik rəhbərliyi ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, hətta ən faciəlisi torpaqlarımızın işğalı, ölkəmizin dövlət kimi var olmasına təhdid yaratmışdır.Yalnız hakimiyyəti saxlamağı düşünərək səriştəsiz insanlar ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Hətta bu baş verənlər vətəndaş müharibəsinin yaranmasına səbəb olmuşdur. Bütün bu çətinliklərin öhdəsindən məhz Heydər Əliyev gəldi. Onun rəhbərliyi dövrü Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni inkişafı tarixində yüksək mərhələdir.
Heydər Əliyev vətənini sevən şəxsiyyət olduğu üçün hər zaman vətənpərvər, təhsilli, bacarıqlı gənclərin yetişdirilməsinə çağırmış və belə gənclərə dövlət tərəfindən dəstək olunmuşdur.
Heydər Əliyevin əsası ideologiyası azərbaycançılıq idi. Millətini, xalqını sevən şəxsiyyət olaraq hər zaman xalqını bu ideologiya ətrafında birləşməyə çağırırdı. Onun milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir. Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illər hakimiyyəti dövrü Azərbaycanın inkişafında köklü dəyişikliklər oldu. Ölkənin bu günü məhz həmin dövrdə bünövrəsinin düzgün şəkildə qoyulmasının nəticəsidir.
Bu gün Heydər Əliyevin miras qoyduğu Azərbaycan Prezident İlham Əliyev tərəfindən uğurla idarə edilir. Ölkənin suverenliyinin,ərazi bütövlüyünün bərpa olunması,beynəlxalq arenada söz sahibinə malik olmağımız bunun əyani sübutudur.
Bu gün Ulu Öndər Heydər Əliyevin anım günündə, uca yaradandan rəhmət diləyir,ruhuna dualar edirəm.
Vilyam Hacıyev
Naxçıvan MR-nın fəxri vətəndaşı