Erkən evlilikdə valideyn, toy təşkilatçısı və dini kəbin kəsən şəxsi hansı məsuliyyət gözləyir?” – Şahin Nəsrullayev
Azərbaycanda nikah yaşı ilə bağlı qanunvericilikdə edilən son dəyişikliklər erkən evliliklərə münasibətdə hüquqi çərçivəni daha da dəqiqləşdirib. Artıq 18 yaş nikah üçün əsas və istisnasız yaş həddi kimi müəyyən edilir və valideyn razılığı, ailədaxili qərar, nişan, dini kəbin və ya adət-ənənə bu tələbi dəyişmir. Bununla yanaşı, qanun yalnız rəsmi nikahı deyil, yetkinlik yaşına çatmayan şəxsin nikah qeydiyyatı olmadan ailə qurmaq məqsədilə yaradılan ittifaqa cəlb edilməsini də hüquqi məsuliyyət müstəvisində nəzərdən keçirir. Belə hallarda valideyndən tutmuş toyun keçirildiyi obyektin rəhbərinə və dini kəbin kəsən şəxsə qədər müxtəlif iştirakçıların məsuliyyəti yarana bilər. Bəs, yeniyetmənin “özüm razıyam” deməsi hüquqi baxımdan nə dərəcədə əhəmiyyətlidir? Ailə təzyiqi altında verilən razılıq azad iradə hesab olunurmu? Erkən evliliyin qarşısını almaq üçün müəllim, qohum və ya hadisədən xəbərdar olan digər şəxslər hansı addımları ata bilər? Bu və digər suallara “Konstitusiya” Araşdırmalar Fondunun hüquqşünası Şahin Nəsrullayev aydınlıq gətirir.
-Şahin müəllim, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən nikah yaşı 18-dir. 2024-cü il qanunvericilik dəyişiklikləri ilə nikah yaşının bir il azaldılmasına imkan verən istisna da ləğv edilib. Bu dəyişikliklərin hüquqi mahiyyəti nədən ibarətdir?
-Hazırkı hüquqi rejimdə nikah yaşı 18-dir və bu hədd fərdi razılıqla aşağı salına bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10.1-ci maddəsi nikah yaşını 18 yaş müəyyən edir. Əvvəllər 10.2-ci maddə üzrlü səbəblər olduqda müvafiq icra hakimiyyəti orqanına nikah yaşını ən çoxu 1 il azaltmağa imkan verirdi. 28 iyun 2024-cü il tarixli qanunla həmin 10.2-ci maddə ləğv edildi və dəyişiklik 1 iyul 2025-ci ildən qüvvəyə mindi. Əsas dəyişiklik budur ki, əvvəllər mövcud olan istisna mexanizmi hüquq sistemindən çıxarılıb. Yəni artıq “üzrlü səbəb”, ailənin vəziyyəti, hamiləlik, tərəflərin istəyi və s. əsasında 17 yaşında rəsmi nikaha icazə verən hüquqi prosedur yoxdur. Qanunverici bununla 18 yaş həddini istisnasız nikah şərtinə çevirib. 2024-cü il qanunu eyni zamanda Ailə Məcəlləsinin nikah yaşından aşağı şəxslərlə nikaha əvvəlki istisna üzrə istinad edən digər müddəalarını da uyğunlaşdırıb. Bununla paralel olaraq qanunvericilik yalnız dövlət qeydiyyatında olan nikahla kifayətlənməyib, erkən evlilik hallarına da ayrıca hüquqi yanaşma müəyyən edib. Cinayət Məcəlləsində erkən evlilik yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq kimi müəyyən olunur. Müəyyən hallarda belə evliliyin təşkili cinayət məsuliyyətinə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsində isə yetkinlik yaşına çatmayanların erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi və dini kəbinkəsmə ilə bağlı ayrıca məsuliyyət normaları nəzərdə tutulub.
-Valideynin razılığı və ya adət-ənənə bunu dəyişə bilər?
-Xeyr. Valideynin razılığı 18 yaş tələbini əvəz etmir və uşağın nikah yaşını aşağı salmır. Eyni qaydada valideynlərin və ya qohumların razılığı, ailə daxilində verilmiş qərar, nişan, dini kəbin, yerli adət və ənənə, tərəflərin öz razılığı
qanunda müəyyən edilmiş nikah yaşında istisna yaratmır. Ailə Məcəlləsinə görə nikahın bağlanması üçün tərəflərin razılığı ilə yanaşı onların nikah yaşına çatması ayrıca zəruri şərtdir. Başqa sözlə, razılıq və yaş tələbi alternativ deyil, bir-birindən müstəqil hüquqi şərtlərdir.
-Cinayət Məcəlləsinin 176-1-ci maddəsi nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etməyə görə cinayət məsuliyyəti müəyyən edir. Bəs, yeniyetmə belə bir evliliyə özünün razı olduğunu bildirdikdə, lakin bu qərar ailənin təzyiqi, sosial məcburiyyət və ya başqa təsirlər altında formalaşdıqda, hüquqi qiymətləndirmə necə aparılır? Qanun uşağın formal razılığı ilə onun azad iradəsi arasında hansı fərqi nəzərə alır?
-Burada hüquqi baxımdan əsas məsələ yeniyetmənin “razıyam” deməsi deyil, həmin razılığın sərbəst və məcburiyyətsiz iradənin nəticəsi olub-olmamasıdır. Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsi nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etməni cinayət sayır. Qanunun qeyd hissəsinə görə “erkən evlilik” yetkinlik yaşına çatmayan şəxslə rəsmi nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaqdır. Bu səbəbdən hüquqi qiymətləndirmə zamanı formal razılıq avtomatik olaraq məcburetməni istisna etmir. Araşdırılmalı olan budur: yeniyetmə qərarı real seçim imkanına malik olaraq verib, yoxsa ailə təzyiqi, hədə-qorxu, psixoloji basqı, evdən qovulmaq qorxusu, iqtisadi asılılıq, ailə üzvlərinin nüfuzu, “ailənin adına xələl gətirmə” kimi sosial basqılar və ya başqa təsirlər onun iradəsini faktiki olaraq məhdudlaşdırıb. Məsələn, uşaq “özüm razılaşdım” deyirsə, lakin eyni zamanda ona “imtina etsən ailədən çıxarılacaqsan”, “məktəbə getməyəcəksən”, “hamını biabır edəcəksən” və ya buna bənzər ciddi təzyiqlər göstərilibsə, sadəcə şifahi razılıq azad iradənin mövcudluğunu sübut edən həlledici fakt deyil. Hüquq-mühafizə orqanı və son nəticədə məhkəmə razılığın hansı şəraitdə formalaşdığını bütün sübutların məcmusu ilə qiymətləndirir.
Burada mühüm fərq belədir: Formal razılıq – şəxsin zahirən “bəli” deməsi, etiraz etməməsi və ya mərasimdə iştirak etməsidir. Azad iradə – şəxsin fiziki, psixoloji və digər məcburetmədən kənar, real şəkildə “yox” demək imkanına malik olması və qərarı özü verməsidir. Üstəlik, 2024-cü il dəyişikliklərindən sonra qanunvericilik erkən evliliyə yalnız məcburetmə prizmasından yanaşmır. 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkil edilməsi Cinayət Məcəlləsinin ayrıca 176-2-ci maddəsi ilə müəyyən hallarda cinayət hesab olunur. Deməli, belə halda uşağın “razılığı” ümumiyyətlə təşkilatçılıq əməlinə görə məsuliyyəti avtomatik aradan qaldırmır.
Eyni zamanda, Ailə Məcəlləsi nikah yaşını 18 yaş müəyyən edir. Buna görə yetkinlik yaşına çatmayan şəxsin subyektiv razılığı onun qanuni nikah bağlamaq hüququ yaratmır.
Nəticə etibarilə, 176-1.2 üzrə əsas hüquqi sual “uşaq razı idi, ya yox?” deyil, daha dəqiq şəkildə “onun iradəsi azad şəkildə formalaşmışdımı?” sualıdır. Razılıq ailə, sosial mühit və ya konkret şəxslərin basqısı altında əldə edilibsə, həmin “razılıq” məcburetmə faktını istisna etməyə bilər. Konkret işdə bunun olub-olmaması isə təzyiqin forması, intensivliyi, uşağın yaşı və asılılıq vəziyyəti, yazışmalar, şahid ifadələri və digər sübutlar əsasında müəyyən edilir.
– Cinayət Məcəlləsinin 176-2-ci maddəsi 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə cinayət məsuliyyəti nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 189-1, 189-2 və 189-3-cü maddələri isə erkən evliliklə bağlı sövdələşmələri, mərasimlərin keçirilməsini və yetkinlik yaşına çatmayanlara dini kəbin kəsilməsini əhatə edir. Bu normalar praktikada necə tətbiq olunur? Valideyn, dini mərasimi icra edən şəxs, toy təşkilatçısı və ictimai iaşə obyekti rəhbərinin məsuliyyəti hansı hallarda yaranır?
-Bu normalar praktikada eyni hadisənin müxtəlif iştirakçılarını və müxtəlif mərhələlərini ayrıca məsuliyyətə cəlb etmək üçün qurulub. Yəni söhbət yalnız “uşağı evləndirən valideyndən” getmir. Erkən evliliyin razılaşdırılması, təşkil edilməsi, mərasimin keçirilməsi və dini kəbinin kəsilməsi ayrı-ayrı hüquqi əməllər kimi qiymətləndirilə bilər. Bu dəyişikliklər 1 iyul 2025-ci ildən qüvvədədir. Valideynin məsuliyyətinə gəlincə, burada 189-1 ilə 176-2-ni fərqləndirmək xüsusilə vacibdir. İXM-in 189-1-ci maddəsi hələ faktiki erkən evlilik baş verməmişdən əvvəlki mərhələni də əhatə edir. 16 yaşına çatmayan şəxs barəsində valideynlərin, uşağı tərbiyə etmək vəzifəsi daşıyan şəxslərin və ya qanunda nəzərdə tutulan hallarda yetkinlik yaşına çatmış qarşı tərəfin nişanlanmaya və ya evliliyə dair sövdələşməyə daxil olması artıq inzibati məsuliyyət yarada bilər. Sanksiya 1 000–2 000 manat cərimə və ya hallardan asılı olaraq 1–2 ay inzibati həbsdir. CM-in 176-2-ci maddəsində isə məsuliyyət daha sonrakı və daha ciddi mərhələyə – 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə yaranır. Bu cinayətə görə 2 000–3 000 manat cərimə, iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Deməli, praktik fərq təxminən belədir: “Qızımızı filankəsə nişanladıq, ailələr razılaşdı” səviyyəsində hüquqi sövdələşmə 189-1-in predmeti ola bilər. Uşaq faktiki olaraq həmin şəxslə ailə qurmaq məqsədilə birliyə daxil edilir, bu proses təşkil olunur və həyata keçirilirsə, 176-2 məsələsi meydana çıxa bilər. Konkret tövsif faktlardan və sübutlardan asılıdır.
Yetkin yaşlı qarşı tərəfin məsuliyyəti ilə bağlı qanun ayrıca yaş fərqi şərti qoyur. Həm 189-1, həm də 176-2 üzrə erkən evliliyə daxil olmaq istəyən və ya daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə məsuliyyət zərərçəkmiş uşaqla yaş fərqi beş ildən çox olduqda yaranır. Bu məhdudiyyət valideynlərə və uşağı tərbiyə etmək vəzifəsi daşıyan şəxslərə aid edilən ümumi “beş il” istisnası deyil. Normanın qeyd hissəsi məhz yetkin yaşlı qarşı tərəfin məsuliyyətini bu şərtlə bağlayır.
İXM-in 189-2-ci maddəsi restoran, şadlıq sarayı və digər ictimai iaşə obyektlərini idarə edən şəxslərin məsuliyyətini ayrıca müəyyən edir. Yetkinlik yaşına çatmayan şəxsin erkən evliliyi ilə bağlı nişan, toy və digər mərasimlərin keçirilməsinə görə fiziki şəxs 1 000–1 500 manat, vəzifəli şəxs 3 000–4 000 manat, hüquqi şəxs 6 000–9 000 manat cərimə oluna bilər. Eyni xəta inzibati tənbeh haqqında qərar qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədilərsə, cərimələr əhəmiyyətli dərəcədə artır. Bu, hüquqi şəxs üçün məsələn, 10 000–13 000 manatdır. Burada vacib hüquqi detal budur ki, maddə sadəcə “toy zalını icarəyə verməyə” deyil, ictimai iaşə obyektini idarə edən şəxsin erkən evliliklə bağlı mərasimin keçirilməsinə görə məsuliyyətini nəzərdə tutur. Konkret işdə obyekt rəhbərinin və ya idarəçisinin hadisənin xarakterindən xəbərdar olub-olmaması, tədbirin faktiki mahiyyəti və digər hallar sübutlarla müəyyən edilir.
-Bəs, dini kəbini kəsən şəxs hansı məsuliyyəti daşıyır?
-İXM-in 189-3.1-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxs 1 000 manat cərimə edilir. Bu norma yalnız rəsmi din xadimi statusu olan şəxslə məhdudlaşdırılmayıb, dispozisiya əməli törədən fiziki şəxsi nəzərdə tutur. Eyni şəxs inzibati tənbehdən sonra bir il ərzində bunu yenidən edərsə, 2 000 manat cərimə və ya 15 gündən 1 ayadək inzibati həbs tətbiq oluna bilər.
-Deməli, eyni hadisədə bir neçə şəxsin məsuliyyəti yarana bilər. Məsələn, 15 yaşlı uşağın ailəsi onun başqa şəxslə evlənməsi barədə razılığa gəlir, sonra toy restoranda keçirilir və dini kəbin də kəsilirsə, bu, hüquqi baxımdan yalnız bir hərəkət kimi qiymətləndirilməyə bilər. Faktlardan asılı olaraq valideynlərin hərəkətləri 189-1 və ya daha ağır mərhələdə 176-2, ictimai iaşə obyektinin idarəçisinin hərəkəti 189-2, kəbin kəsən şəxsin hərəkəti isə 189-3 üzrə ayrıca hüquqi qiymət ala bilər. Üstəlik, uşaq erkən evliliyə məcbur edilirsə, ayrıca CM-in 176-1.2-ci maddəsi də gündəmə gəlir. Həmin maddə nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etməyə görə 3 000–4 000 manat cərimə və ya dörd ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur. Beləliklə, sistemin məntiqi budur ki, qanun yalnız nəticəni — uşağın artıq faktiki ailə həyatına daxil edilməsini deyil, ona aparan razılaşmanı, təşkilatçılığı, ictimai mərasimi və dini rəsmiləşdirməni də ayrı-ayrılıqda hüquqi nəzarət altına alır. Konkret şəxsin məsuliyyəti isə onun həmin prosesdə hansı əməli törətməsi, uşağın yaşı, qarşı tərəfin yaşı və yaş fərqi, eləcə də əməlin hansı mərhələdə qalması əsasında müəyyən edilir.
-Qanunvericilikdə erkən evlilik anlayışının nikah bağlanmadan ailə qurmaq məqsədilə yaradılan ittifaqı da əhatə etməsi hansı hüquqi zərurətdən irəli gəlir? Rəsmi nikah qeydə alınmadan dini kəbin, nişan və ya toy mərasimi ilə yetkinlik yaşına çatmayan şəxsin ailə həyatına cəlb edilməsi hansı hallarda hüquq pozuntusu və ya cinayət məsuliyyəti yaradır?
-Burada əsas hüquqi məntiq rəsmi nikah qeydiyyatından yayınmaqla erkən ailə münasibəti yaratmağın məsuliyyətdən kənarda qalmamasıdır. Qanunverici “erkən evlilik” anlayışını məhz buna görə yalnız dövlət qeydiyyatında olan nikahla məhdudlaşdırmayıb. Cinayət Məcəlləsinin qeyd hissəsində erkən evlilik “yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq” kimi müəyyən edilir.
-Niyə belə geniş tərif verilib?
-Əgər məsuliyyət yalnız rəsmi nikaha bağlansaydı, 18 yaşına çatmayan şəxsin dövlət qeydiyyatına müraciət edilmədən dini kəbin, toy, nişan və faktiki birgə yaşayış vasitəsilə “ailə qurmuş” vəziyyətə gətirilməsi həmin normalardan kənarda qala bilərdi. Yeni tərif bunu aradan qaldırır: hüquqi qiymətləndirmədə mərasimin adı yox, onun real məqsədi və nəticəsi — yetkinlik yaşına çatmayan şəxsi ailə münasibətinə daxil etmək əhəmiyyət daşıyır. Bu, 2024-cü il dəyişikliklərinin 1 iyul 2025-ci ildən qüvvəyə minmiş sistemindən irəli gəlir. Bununla belə, hər nişan və ya hər dini mərasim avtomatik olaraq eyni cinayət tərkibi demək deyil. Yaş, iştirakçı, məcburetmənin olub-olmaması və konkret hərəkətin hansı mərhələdə olması ayrıca qiymətləndirilir. 16 yaşına çatmayan şəxs barəsində nişanlanma və ya evliliyə dair sövdələşmə valideynlər, uşağı tərbiyə edən şəxslər və qanunda nəzərdə tutulan halda yetkin yaşlı qarşı tərəf tərəfindən aparılırsa, İXM-in 189-1-ci maddəsi üzrə inzibati məsuliyyət yarana bilər. Yetkin yaşlı qarşı tərəf üçün həmin məsuliyyət uşağın onunla yaş fərqi 5 ildən çox olduqda tətbiq olunur. Həmin proses artıq 16 yaşına çatmayan şəxsin faktiki erkən evliliyinin təşkilinə çevrilibsə, valideynlər, tərbiyə edən şəxslər və müəyyən halda yetkin yaşlı qarşı tərəf CM-in 176-2-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu norma 2 000–3 000 manat cərimə, iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur. Yetkinlik yaşına çatmayan şəxs belə ittifaqa məcbur edilirsə, yaşından asılı olaraq CM-in 176-1.2-ci maddəsi ayrıca tətbiq oluna bilər. Burada cinayətin mahiyyəti erkən evliliyin özündən əlavə, şəxsin iradəsinin məcburetmə yolu ilə qırılmasıdır.
-Tutaq ki, 16 yaşlı qız valideynləri tərəfindən evliliyə hazırlanır, onun razılığı alınmır və ailə bunu şəxsi məsələ hesab edərək kənar müdaxiləyə qarşı çıxır. Belə vəziyyətdə uşağın hüquqlarını müdafiə etmək üçün qanunvericilik hansı konkret mexanizmləri nəzərdə tutur? Yeniyetmənin özü, müəllim, qohum və ya hadisədən məlumatlı digər şəxs hara və necə müraciət etməlidir? Müraciətdən sonra uşağın təhlükəsizliyinin təmin olunması və məsul şəxslərin müəyyənləşdirilməsi prosesi necə həyata keçirilir?
-Belə vəziyyət qanun baxımından “ailənin şəxsi işi” kimi toxunulmaz sahə sayılmır. Əgər 16 yaşlı yeniyetmə onun iradəsi əleyhinə erkən evliliyə hazırlanırsa, burada həm uşağın hüquqlarının müdafiəsi, həm də mümkün cinayət əlamətlərinin yoxlanılması mexanizmləri işə düşür.
-Hara müraciət etmək olar?
-Ən operativ yol təhlükə real və yaxındırsa 102-yə – polisə müraciət etməkdir. Cinayət və ya hazırlanan cinayət barədə məlumat telefonla, o cümlədən 102 xidməti vasitəsilə verilə bilər və belə məlumatlar polis tərəfindən sutka ərzində fasiləsiz qəbul və qeydiyyata alınmalıdır. Yazılı və ya şifahi müraciəti təkcə yeniyetmənin özü deyil, hadisədən məlumatlı müəllim, qohum, qonşu və ya digər şəxs də edə bilər.
Yeniyetmə və ya ona kömək edən şəxs həmçinin 116111 Uşaq Qaynar Xəttinə müraciət edə bilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu xətti uşaqlar və yeniyetmələr üçün fəaliyyət göstərən yardım kanalı kimi göstərir, əlavə mobil nömrələr və yazılı müraciət imkanı da mövcuddur.
Bundan başqa, rayon və ya şəhər icra hakimiyyəti yanında fəaliyyət göstərən Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət etmək mümkündür. Bu komissiyalar uşağın hüquqlarının və qanuni mənafelərinin qorunması, pozulmuş hüquqların bərpası, çətin həyat şəraitində olan uşaqların müəyyənləşdirilməsi və aidiyyəti dövlət orqanları ilə koordinasiya funksiyasına malikdir. Komissiya müraciəti uşağın özündən, valideyndən, müəssisədən və ya digər dövlət orqanından qəbul edə, həmçinin öz təşəbbüsü ilə araşdırma apara bilər.
-Müraciətdə nə demək lazımdır?
-Müraciət edən şəxsdən hüquqi maddələri bilməsi tələb olunmur. Faktların konkret göstərilməsi kifayətdir: məsələn, “16 yaşlı qızın razılığı olmadan filan tarixdə toy hazırlanır”, “ailə onun evdən çıxmasına mane olur”, “məktəbdən çıxarılması planlaşdırılır”, “ona təzyiq edilir”, “toy/kəbin üçün tarix müəyyən edilib” və s. Əgər toyun yeri, tarixi, qarşı tərəfin adı, dini kəbin planı, yazışmalar, dəvətnamə və ya başqa sübutlar məlumdursa, bunların bildirilməsi araşdırmanı asanlaşdırır. Amma belə sübutların olmaması müraciət etməyə maneə deyil.
-Polis müraciətdən sonra nə etməlidir?
-Polisə daxil olan hazırlanan və ya törədilmiş cinayət barədə məlumat qeydiyyata alınmalı və yoxlanılmalıdır. Cinayət əlamətləri aşkarlanarsa məsələ cinayət-prosessual qaydada araşdırılır. 16 yaşlı şəxsin erkən evliliyə məcbur edilməsi halında əsas hüquqi məsələ CM-in 176-1.2-ci maddəsi üzrə məcburetməəlamətlərinin olub-olmamasıdır. Burada mühüm məqam odur ki, uşaq hələ faktiki evləndirilməmiş olsa belə, “toy gələn həftədir” kimi məlumatın verilməsi üçün nəticənin baş verməsini gözləmək lazım deyil. Polis qaydaları hazırlanan cinayət barədə məlumatın da qəbul edilməsini nəzərdə tutur.
-Uşağın ailədən müvəqqəti qorunması mümkündürmü?
-Bəli. Əgər uşağın həyatı və ya sağlamlığı üçün birbaşa təhlükə yaranıbsa, Ailə Məcəlləsinin 72-ci maddəsi uşağın valideynlərdən və ya onları əvəz edən şəxslərdən təcili alınmasına imkan verir. Belə tədbir müvafiq akt əsasında həyata keçirilir. Bundan sonra prokurora və uşağın yerləşdirilməsinə cavabdeh quruma dərhal məlumat verilməlidir. Qanun sonrakı mərhələdə valideynlik hüquqlarının məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrumetmə məsələsinin məhkəməyə çıxarılmasını da nəzərdə tutur. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın da uşağın davranış və ya hərəkətləri ilə sağlamlığına və həyatına birbaşa təhlükə yaradan qanuni nümayəndələrdən təcili alınması üçün tədbirlər görmək səlahiyyəti var.
-Məişət zorakılığı mexanizmləri də tətbiq oluna bilər?
-Əgər valideyn təzyiqi psixoloji, fiziki və ya digər məişət zorakılığı formasını alırsa, əlavə müdafiə mexanizmləri də yarana bilər. Qanun cinayət tərkibi olmayan məişət zorakılığı hallarında belə qısamüddətli mühafizə orderinin 24 saat ərzində verilməsini, lazım gəldikdə isə uzunmüddətli order üçün məhkəməyə müraciəti nəzərdə tutur. Yardım mərkəzində sığınacaqla təminetmə də mümkün qərarlardan biridir.
Bu o deməkdir ki, təhlükəsizlik tədbiri yalnız cinayət işi başlanandan sonra tətbiq olunan vasitə deyil.
-Müəllim və ya qohum “ailə razı deyil” deyə geri çəkilməlidirmi?
-Xeyr. Valideynin “bu bizim şəxsi məsələdir” deməsi dövlət orqanlarının müdaxilə səlahiyyətini aradan qaldırmır. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar məhz uşağın mənafelərinin qorunmasını təmin etmək, müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək və hüquq pozuntusu barədə müraciətləri araşdırmaq üçün fəaliyyət göstərir. Praktik olaraq ən düzgün ardıcıllıq belədir: təhlükə yaxındırsa -102; paralel olaraq 116111; həmçinin yerli Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya məlumat. Məcburetmə, təhdid və ya faktiki erkən evliliyə hazırlıq barədə konkret məlumatlar polis tərəfindən yoxlanılır. Uşağın təhlükəsizliyi üçün isə zərurətdən asılı olaraq mühafizə orderi, təhlükəsiz yerləşdirmə və hətta ailədən təcili alınma kimi tədbirlər tətbiq oluna bilər. Əgər söhbət hazırda real vəziyyətdən gedirsə və toy və ya kəbin yaxın saatlarda/günlərdə planlaşdırılıbsa, bunu təxirəsalınmaz təhlükə kimi 102-yə bildirmək daha məqsədəuyğundur.
Müsahibə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən“Əvvəl bilik, sonra birlik” layihəsi çərçivəsində hazırlanıb.

























