Rusiyanın “Vaqner” təhlükəsizlik şirkəti iyulun 30-da keçiriləcək konstitusiya referendumu ərəfəsində Mərkəzi Afrika Respublikasına (MAR) yüzlərlə yeni əsgər göndərib.
Vətəninfo.az xəbər verir ki, “Vaqner”in “Telegram” hesabında verilən məlumata görə, “Vaqner”ə bağlı yeni qoşunlar Mərkəzi Afrika Respublikasındakı hərbi personala təlim keçmək və təhlükəsizliyi təmin etmək üçün ölkəyə gəlib.
Yüzlərlə əsgərin yer aldığı bölmələrin fotoşəkillərinin paylaşıldığı açıqlamada “Vaqner”in 5 ildir yetişdirdiyi MAR ordusunun, polis və jandarm qüvvələrinin ölkənin təhlükəsizlik səviyyəsinin artırılmasında irəliləyiş əldə etdiyi bildirilib.
2000-ə yaxın rusiyalı muzdlunun olduğu təxmin edilən MAR-dakı “Vaqner” hərbi birlikləri iyul ayının əvvəlindən ölkədən çəkilməyə başladığı deyilirdi. Amma MAR sözçüsü Albert Yaloke Mokpem Rusiyanın təhlükəsizlik şirkəti “Vaqner”in ölkəni tərk etməsi ilə bağlı sözlərin doğru olmadığını və qoşunların yalnız “rotasiya” etdiyini söyləyib.
Qeyd edək ki, üçüncü dəfə prezidentliyə namizəd olmaq istəyən MAR başçısı Faustin Arkanc Touadera iyulun 30-da konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilməsi qərarı verib.