image-1backend

Vaşinqton üçün S-400 qırmızı xətdir

image-reklam_sirab_01

Hindistanın baş naziri Narendra Modi Ukraynadan qayıdan kimi bu ölkənin müdafiə naziri Rajnath Singh Amerika Birləşmiş Ştatlarına səfər edib. O səfərdən öncə verdiyi açıqlamada iki ölkənin strateji maraqlarını müzakirə etmək və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək üçün Vaşinqtona gedəcəyini bildirib.
Rajnath Singh Vaşinqtonda amerikalı həmkarı, Pentaqonun başçısı Lloyd Ostinlə görüşdə müdafiə sahəsində əməkdaşlığın gücləndirməsi mövzularını müzakirə edib. Hər iki dövlət Hind və Sakit Okeanda birgə hərbi əməkdaşlığın vacibliyini vurğulayıb. ABŞ və Hindistan reaktiv mühərriklərin, pilotsuz uçuş aparatlarının birgə istehsalı barədə razılıq əldə ediblər. Bundan başqa müdafiə nazirləri kosmosda birgə əməkdaşlığın mümkünlüyü barədə fikir mübadiləsi aparıblar.
İki ölkə arasında hərbi əməkdaşlığa baxmayaraq, Vaşinqton Dehlinin Rusiyadan hərbi texnika alışından narahatdır. Vaşinqton Hindistanın Rusiyadan S-400 raket komplekslərinin alışının əleyhinədir. Vaşinqton hesab edir ki, ABŞ-ın müttəfiqləri Rusiyadan hərbi texnika almamalıdırlar. Hindistan S-400 raket kompleksi ilə maraqlansa da, hələ bu sistemi almayıb.
Dehli üçün xarici və təhlükəsizlik siyasətində balanslı mövqeyi davam etdirmək asan deyil. Bir ölkənin həm Rusiya, həm də ABŞ-dan hərbi texnika alması, ortaq layihələr reallaşdırması çətindir. Eyni çətinliklə Türkiyə üzləşib. Ankara Rusiyadan S-400 raket kompleksləri aldıqdan sonra Vaşinqton Türkiyəyə əvvəlcədən razılaşdırılan və maliyyəsinin bir hissəsi ödənilən F-35 hərbi təyyarələrini satmaqdan imtina etdi.

Dehli ABŞ-la ortaq hərbi layihələrin reallaşmasına çalışır. Hindistanın müdafiə naziri ABŞ-dakı hind disaporu qarşısında çıxışında ölkəsinin ABŞ-la strateji tərəfdaşlığa sadiq alacağını vurğulayıb. “ABŞ və Hindistan təbii müttəfiqdirlər” deyən Rajnath Singh iki ölkə arasında güclü tərəfdaşlığın dünyada sabitlik və inkişaf üçün faydalı olacağını söyləyib.

Hindistanın müdafiə nazirinin Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşü də diqqəti çəkib. Sallivan Çinə səfərə hazırlaşır. O Pekində Çinin xarici işlər naziri Van Yi ilə görüşəcək. Bu baxımdan Sallivanın Pekində hansı mövzuları müzakirə edəcəyi Dehli üçün də maraqlıdır.
“Atlas” Araşdırmalar Mərkəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki