image-2backend

Vətən müharibəsindən sonra sabitliyin təminatında yeni model: Polisin və Daxili Qoşunların rolu – konfrans

image-reklam_sirab_01

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda “44 Günlük Vətən Müharibəsindən sonra daxili sabitliyin təminatında yeni model: Polisin və Daxili Qoşunların rolu” mövzusunda geniş elmi-praktiki konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd Vətən müharibəsindən sonra Azərbaycanın daxili təhlükəsizlik strategiyasının təkmilləşdirilməsi, polisin və Daxili Qoşunların üzərinə düşən yeni vəzifələrin müzakirəsi və hibrid təhdidlərə qarşı mübarizə metodlarının təhlil edilməsi olub.

Konfransda Polis Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, Müdafiə Nazirliyinin təhsil müəssisələrinin və respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən Hərbi İnstitutda “Şəhidlər abidəsi”nin önünə gül dəstələri qoyulandan sonra konfrans zalında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Zəfər Gününün ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq Azərbaycanın müstəqilliyinin qorunmasında güc strukturlarının milli maraqların təminində ön planda olduğunu qeyd edib, birgə fəaliyyət və koordinasiyanın artırılmasının vacibliyini vurğulayıb.

Elmi-praktik konfransda “Azərbaycan Respublikasında Dövlət Suverenliyinin təmin olunmasında daxili işlər orqanlarının rolu”, “Postmüharibə dövründə daxili sabitliyin qorunması: hibrid təhdidlərə qarşı polis və Daxili Qoşunların birgə müdafiə strategiyaları”, “Azərbaycan Respublikasında ictimai sabitliyin təmin edilməsində daxili işlər orqanlarının fəaliyyəti və real perspektivlər”, “Hibrid təhdidlərə qarşı mübarizə və yeni təhlükəsizlik modeli” mövzuları üzrə sessiyalar keçirilib.

Konfransın yekununda “Şanlı zəfərimiz əbədidir” filmi nümayiş olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image